Regenkampfın təsirsiz yumruğu, Ayxan Abbasovun başı
“Neftçi” milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra 2 görüş keçirib və 1 xal qazanıb. “Ağ-qaralar” “Qarabağ”a məğlub olacaqlarına müəyyən qədər özlərini hazırlamışdılar, bilirdilər ki, bu güc-potensialla çempionadan xal alası deyillər. Lakin “Turan Tovuz”la heç-heçə ehtimalını paytaxt təmsilçisinin rəhbərliyi heç yaxına buraxmazdı.
Millətlər Liqasının oyunları olan ərəfədə “Neftçi”nin baş məşqçisi Laurensiu Regenkampf Rumıniyaya səfər edib keçmiş həyat yoldaşı Anamariya Prodanla yumruq davasına çıxdı, qəzetlərin manşetinə çevrildi. Ayxan Abbasov isə başını aşağı salıb Tovuzda komandasını növbəti oyunlara hazırlaşdırırdı. Nəticə hər kəsə məlumdur: heyəti “Neftçi”dən qat-qat zəif olan əyalət klubu “Bakcell Arena”dan xalla dönə bildi. Təsəvvür edin, Abbasov meydan sahiblərini bu mövsüm “Səbail”lə matçda cəmi 3 dəqiqə meydanda olan Sadiq Quliyevlə, “Neftçi”yə lazım olmayan Xəyal Nəcəfovla, “Qəbələ”də şans əldə edə bilməyən Ehtiram Şahverdiyevlə, “Keşlə”də hər kəsin güldüyü Natan Oduvayla büdrətdi. Yumruğunu Anamariaya tuşlayan Regenkampf isə əvəzlənərkən etiraz edən Solomon Kvirkveliyaya, “Qarabağ”la görüşdə meydanı tərk edərkən ağzını büzən Kenni Sayefə həmin yumruğu göstərə bilmir.
“Neftçi”nin bəh-bəhlə transfer etdiyi Donyo, Sayef kimi futbolçular yenə heç nə ilə yadda qalmadılar. Donyo bu mövsüm 7 oyunda cəmi 2 dəfə fərqlənib. “Turan”ın dünən heyətdə olmayan hücumçusu Runi Eva isə artıq 4 qol vurub. Yəqin ki, Runi “Neftçi”yə təklif olunsaydı, hər kəs gülüb keçər heç diskə baxmazdılar. İddia etmirəm ki, kamerunlu forvard paytaxt klubunda rəqabətdən qalib ayrıla bilərdi. Amma Ayxan Abbasov futbolçuların potensialından istifadə etməyi yaxşı bacarır. Oduva Tovuzda əsas oyunçuya çevrilir, Tərlan Əhmədli turdan-tura qapıda özünü daha inamlı hiss edir, Xəyal Nəcəfov artıq “Turan”ın liderlərindən biridir. Abbasov heyətdə dəyişiklik etməyə də çəkinmir. “Zirə” ilə son qarşılaşmada start heyətində meydana çıxanlardan Tərlan Quliyev, Eltun Turabov, Ben Aziz Dao bu dəfə ehtiyatda qalmışdılar. Dəyişkliklər öz nəticəsini verdi və komanda vacib 1 xal qazandı.
***
Təəssüf ki, yerli mütəxəssislərə indi inam çox azdır. Milan Obradoviç iki tsikl U-21 yığmamızın baş məşqçisi oldu və ortaya hər hansı ciddi iş qoya bilmədi. Miloş Velebitin rəhbərlik etdiyi U-19 Avropa çempionatının seçmə mərhələsində bütün oyunları uduzdu və ondan sonra onun müqaviləsi uzadılmadı. Canni de Byazi ilə bağlı məsələ isə hamıya aydındır. Motivasiyasız Slovakiya və Qazaxıstan üzərində qələbələr italiyalı məşqçi ilə yeni müqavilə bağlanmasına gətirib çıxardı. Halbuki bizim gənc məşqçilər millidə De Byazidən heç də pis işləməzdilər.
***
“Kəpəz”dən fərqli olaraq “Turan Tovuz”da baş məşqçiyə böyük inam var, azarkeşlər onu sevir, veteranlar hər dəqiqə bir açıqlama verib suyu bulandırmırlar. Bəlkə də “Turan”ın bu cür çıxış etməsinin səbəbini bu birlikdə, dəstəkdə axtarmaq lazımdır. Rayonun deputatı Arzu Nağıyevi komandanın bütün ev və səfər oyunlarında görmək olar. Tovuzlu iş adamları, vaxtilə kluba böyük dəstək olmuş şəxslər yenə komandanın yanındadırlar.
Bakıda bizneslə məşğul olan tovuzlu iş adamlarından biri Namazəli Məmmədov bütün kollektivi yığıb “Şamaxı” ilə səfər matçında “Turan”a dəstək olmağa aparmışdı. Qəlbədən sonra isə hamını başına toplayıb qələbənin şərəfinə qonaqlıq verdi. Elə bu misal “Turan”ın Tovuzda nə dərəcədə sevildiyini göstərən çoxsaylı faktlardan biridir. Əminəm ki, Ayxan Abbasov bu dəstəyi aldıqca “Turan Tovuz” qış fasiləsindən sonra daha yaxşı çıxış edəcək, qələbələr gələcək.
ELNUR MƏMMƏDLİ







