"Professor Douelin başı"
“Səbail” ardıcıl üçüncü oyunda da meydanı məğlub tərk elədi. Bu dəfə “dənizçilər” azlıqda qaldıqları matçda “Qəbələ”yə 1:2 hesabı ilə uduzdular. İki tur əvvəl “Səbail” “Zirə”yə yenildiyi görüşdə də Tural Bayramlı qırmızı vərəqə ilə cəzalanmışdı.
Ümumiyyətlə, Mahmud Qurbanovun komandasına baxanda aşkar şəkildə hiss olunur ki, daxildə ciddi problemlər var. Təsəvvür edin, “Qəbələ” ilə vacib qarşılaşmadan bir gün əvvəl baş məşqçi iki aparıcı futbolçu – Kizito Luvaqa və Fakundo Kardozonu əvəzedici heyətə göndərir və onlar “Səbail-2″də “Qarabağ”-2″yə qarşı oynayırlar. Təbii ki, növbəti gün braziliyalı və argentinalı legionerlər matçın iştirak ərizəsinə daxil edilmirlər.
Bu mövsüm yalnız “Kəpəz”lə görüşdə yüngül zədəsi olduğu üçün ehtiyatda qalan Emil Balayev “Qəbələ” ilə matçda start heyətində görünmür və onu Hüseynəli Quliyev əvəzləyir. Ümumiyyətlə, Mahmud Qurbanovun son oyundakı heyətinə, ehtiyatda saxladığı futbolçulara baxanda başa düşmək olar ki, klubda ab-hava istənilən kimi deyil.
Franko Mazurek cari çempionatda bütün görüşlərdə start heyətində şans əldə edib və komandanın ən yaxşılarından biridir. Lakin nədənsə, “Qəbələ” ilə qarşılaşmada Kipr çempionatından gəlmiş argentinalı yarımmüdafiəçi 90 dəqiqəni kənardan izləyir.
Eyni sözü Maksim Çex haqqında da deyə bilərik. “Səbail”in baş məşqçisi 23 yaşlı ukraynalının potensialından tam istifadə edə bilmir. “Şaxtyor”un yetirməsi olan, amma daha çox “Mariopul”da çıxış etmiş futbolçuya baxanda görünür ki, məktəbi var, sadəcə düzgün yararlanmaq lazımdır.
Ötən çempionatda “dənizçilər”in ən yaxşılarından olmuş Turan Manafov son 3 matçda 90 dəqiqə oynasa da, “Qəbələ” ilə görüşdə yalnız fasilədən sonra meydana daxil olur.
Hiss olunur ki, futbolçular meydanda can qoymaq istəmirlər. Qustavo De Fransanın ikinci sarı vərəqəsi buna əyani sübutdur.
Mahmud Qurbanov uzun illər idi ki, Premyer Liqada işləmək arzusunda idi. Hətta bir ara “Neftçi”ni çalışdırmağı xəyal edirdi. İş elə gətirdi ki, “Neftçi-2″dən sonra “Səbail” ona tapşırıldı. Amma “professor” artıq başını itirib. Belə yerdə Aleksandr Belyayevin “Professor Douelin başı” romanı yada düşür. İndi Mahmud Qurbanov da bədənsiz baş kimidir. Ətrafında olan Tofiq Mustafayev, Zaur Ramazanov, Elşən Poladov isə ona kömək edəcək durumda deyillər. Qurbanovun elə ilk ən böyük səhvi köməkçi məşqçi seçimində idi.
“Zirə” bu gün xal hesabını artıracağı halda “Səbail” 6-cı pillədən bir qədər də uzaq düşəcək. Bu isə 8 milyon büdcəsi olan komanda üçün faciəvi durumdur.
AYXAN