featured-image-15640

Çempionatın autsayderlərindən “Şamaxı” son turda “Səbail”lə səfərdə qolsuz bərabərə qalsa da, rəhbərlik baş məşqçi Cavid Hüseynovdan narazıdır. Hüseynovun Pro kateqoriyası olmadığından sənəd üzərində Vüqar Əsgərli baş məşqçi kimi göstərilib. Amma heyəti quran, məşq prossesini keçən, komandaya rəhbərlik edən məhz millimizin sabiq futbolçusudur.

Msport.az-ın əldə etdiyi məlumata görə, “Səbail”lə görüşdən sonra “Şamaxı” rəhbərliyi Hüseynova öz iradlarını bildirib. Onların əsas narazılığı ondan ibarət olub ki, rəqib 42-ci dəqiqədə azlıqda qalsa da, qələbə qazanılmayıb. Düzdür, baş məşqçi bu tənqidi cavabsız qoymayıb. O, rəhbər şəxslərə “siz legioner alınmasını istəmədiz” deyərək heyətin zəif olmasına işarə vurub. Bütün bunlar klubun əsas himayədarları  – rayonun icra hakimi Tahir Məmmədov və rayon prokuroru Müşfiq Səfərovu qane etməyib. Onlar baş məşqçiyə vəziyyəti düzəltmək üçün 3 tur vaxt veriblər.

Qeyd edək ki, “Şamaxı” 12-ci turda evdə “Qarabağ”ı qəbul edəcək. Komanda daha sonra isə səfərdə “Turan Tovuz” və doğma divarlar arasında “Sumqayıt”la qarşılaşacaq. Hüseynovun qarşısına “Qarabağ”la matçdan sonra 2 görüşdə 4 xal qazanmaq  məqsədi qoyulub.

Bənzər xəbərlər