featured-image-14071

Dünən keçirilən “Sumqayıt” – “Kəpəz” oyununda hesab açılmasa da, düşünürəm ki, matçı həm stadiondan, həm də CBC Sport vasitəsi ilə izləyən azarkeşlər darıxmadı.

Samir Abasovun “Sumqayıt”a ikinci qayıdışı böyük maraqla gözlənilirdi. Həm də o baxımdan ki, rəqib komandanı da vaxtilə “Neftçi”də işləmiş Tərlan Əhmədov çalışdırır. Biz həm də “Neftçi”nin sabiq məşqçilərinin mübarizəsinə şahidlik etdik. “Ağ-qaralar”ı çempion edən Abasovdan fərqli olaraq, Əhmədov çətin vəziyyətdə olan paytaxt klubunu avrokuboklara çıxarmışdı. Lakin “Neftçi” rəhbərliyi həmin vaxt baş məşqçini saxlamağı məqsədə uyğun saymamışdı.

Samir bəy kimi Tərlan müəllimi də Gəncədə ağır iş gözləyir. Komanda onun gəlişinə qədər bütün oyunlarda uduzmuş, 1 xal belə qazana bilməmişdi. Üstəlik, veteranların, azarkeşlərin təzyiqi – bütün bunları vəziyyəti daha da çətinləşdirirdi.

Amma dünən hər iki komandanın ifasında gördük ki, qısa vaxt ərzində az da olsa dəyişikliklər baş verib.  Baqanın dövründə “Sumqayıt”ın nə oynadığı, meydanda nə etmək istədiyi bilinmirdi. “Kəpəz”lə qarşılaşmada Samir Abasovun meydanda “əlinin duzu”nu görmək olurdu.  Müdafiədən hücuma tez çıxmaq, irəlidə kreativ oyun göstərmək cəhdləri, ən əsası isə futbolçuların meydanda can qoyması. Təsəvvür edin,  90-cı dəqiqədə 34 yaşlı Vurğun Hüseynov sürüşmə fəndini yerinə yetirirdi. Baqanın zamanında “Sumqayıt”da məhz bu çatmırdı. Sanki futbolçular meydana candərdi çıxırdılar.

Heyəti çempionatda bəlkə də yalnız “Şamaxı”dan güclü olan “Kəpəz” səfərdən qələbə ilə dönməyə yaxın idi. Əgər Georgi Kantariya 45-ci dəqiqədə penaltini qola çevirə bilsəydi… 20 yaşlı Abdullahi Şuaybu isə yenə ön xətdə Gəncə klubunda ən yaxşılardan idi. Kamal Umudlu məhz ona qarşı kobudluğa görə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi.

“Kəpəz”in ehtiyat qüvvəsi haqqında heç danışmağa dəyməz. Aydın məsələdir ki,  Tərlan Əhmədov Nicat Süleymanov, Tural Axundov və Mixail Erqemlidzeni meydana məcburiyyətdən buraxdı.  Bir vaxtlar, “Sabah”ın böyük ümidlərlə transfer etdiyi Erqemlidzenin niyə ehtiyatda qaldığını oyuna çıxdıqdan sonra başa düşdük.  Matçın sonlarında “Kəpəz”in təhlükəli hücumu zamanı 23 yaşlı hücumçu daha əlverişli mövqedə olan komanda yoldaşlarını zərbə mövqeyinə çıxarmaq əvəzinə iti küncdən qapını nişan aldı. Halbuki ordan heç İbrahimoviç çərçivəyə düşməzdi. Erqemlidzenin eqoistliyi komandasını qoldan etdi.

Həm Samir Abasovu, həm də Tərlan Əhmədovu qarşıda çox iş gözləyir.  Onlar indi malakeş kimi Baqa və Vahabzadə dövründən qalma uçuq-sökkükləri düzəltməli, yararsız hala düşmüş daxmanı yenidən yaşayış üçün normal məkana çevirməlidirlər.

 

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər