Samir Abasovun "Sumqayıt"dakı maaşı məlum oldu - Müqavilənin bəzi şərtləri maraq doğurur
“Sumqayıt”ın baş məşqçi postuna keçən Samir Abasovun müqaviləsinin bəzi detalları məlum olub.
Msport.az xəbər verir ki, 44 yaşlı mütəxəsssis “gənclər şəhəri” təmsilçisində ilinə 100 min manat alacaq. “Neftçi”ni çempion edən mütəxəssis əvvəlcə ilə 150 min manat tələb etsə də, danışıqlardan sonra kompromisə gedib.
Bundan başqa, “Sumqayıt” müqaviləyə bəzi vacib maddələr də saldırıb. Belə ki, Abasov mətbuatda, ictimaiyyət qarşısında klubu, transfer siyasətini tənqid edə bilməz. Əgər bu baş tutarsa, o, müqavilənin şərtlərinə əsasən cərimə olunacaq. Görünür, Abasovun “Neftçi”də işlədiyi müddətdə etdiyi çıxışlar “Sumqayıt” rəhbərliyinin gözünü qorxudub.
Xatırladaq ki, mütəxəssis “Neftçi”nin baş məşqçisi olarkən klubu tənqid edir, az qala hər mətbuat konfransında sərəncamında istənilən sayda futbolçu olmaması ilə bağlı çıxışlar edirdi.