featured-image-30977

“Matçın əhəmiyyətini dərk edirik. Düşünürük ki, sabah tarix yaza bilərik”.

Msport.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis komandasına inandığını bildirib: “Şanslar bərabərdir, finalda favorit olmur. Komandam məqsədə çatmağımız üçün hər şeyi edəcək”.

Baş məşqçi finalın “Neftçi”nin meydanında keçirilməsinin görüşə təsir etməyəcəyini açıqlayıb: “Bizim üçün bu stadion yad deyil. Əsl futbol atmosferi üçün çox yaxşı arenadır. Çempionatda istədiyimiz yeri tutduq. Kuboku da qazanmağa iddialıyıq. Sabah fərqli “Qəbələ” görəcəyimizə inanıram”.

Baxşıyev kapitan Asif Məmmədovla yeni müqavilə imzalayacaqlarını deyib: “Asif komandanın kapitanıdır. Zədəli olsa da, daim bizimlədir. Komandada qalmasını istəyirik. Onun qalması bizim üçün çox vacibdir”.

Təcrübəli mütəxəssis “Neftçi”nin büdcəsinin daha çox olmasının sabahkı matçda önəm daşımayacağını vurğulayıb: “Çempionatda da bizə inanan az idi. Az büdcə ilə məqsədimizə çatdıq. Büdcə elə də önəm daşımır. Hansı komanda xarakter göstərəcəksə, məqsədinə çatacaq”.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.

Bənzər xəbərlər