"Səbail"də islahat - Rəhbər şəxslərin göndəriləcəyi gözlənilirdi, futbolçular yola salınır
8 milyon büdcə ilə son anda Premyer Liqada qalmağı bacaran “Səbail” islahatlara başladı. Əslində bu cür uğursuz mövsümdən sonra gözlənilirdi ki, dəyişiklər rəhbər şəxslərin göndərilməsi ilə start götürər. Çoxdandır ki, icraçı direktor Fərəc Əliyevlə yolların ayrılacağı barədə söhbətlər gəzir. “Dənizçilər”in autsayderlər sırasında qalmasının əsas səbəbi yanlış seleksiya və legioner seçimi idi. Bu cür məsələrə cavabdeh şəxs isə birinci növbədə icraçı direktorudur.
“Xəzər Dəniz Gəmiçiliyi” (ASKO) QSC-nin sponsorluq etdiyi klub islahatlara legionerləri göndərməklə başladı. Mövsüm boyu yalnız “Turan Tovuz”la oyunda “Səbail” rəsmilərinin təbirincə desək, uğursuz alt paltarını düzəltməklə yadda qalan Qoba Zakpa ilk yola salınanlardan oldu. Ondan başqa, hücum xəttinin digər üzvü Luvaqa Kizitoya da qapını göstərdilər. Müdafiəçi Qustavo de Fransanın da müqaviləsi uzadılmadı. Braziliyalı futbolçu bir ara daim əsas heyətdə oynasa da, görünür, onun intizamsız olması (mövsümdə 10 sarı və 2 qırmızı vərəqə) bu addımın atılmasına gətirib çıxardı.
Xatırladaq ki, hər 3 futbolçu Mahmud Qurbanovun dövründə komandaya cəlb olunmuşdu. Zakpa ilə Kizitonun maaşı Azərbaycan çempionatı reallığında heç də az deyildi.
“Səbail” heyətlə bağlı yetərincə yanlışlığa yol versə də, “dənizçilərin” yeganə problemi bu deyildi. Klubda idarəetmə doğru qurulmayıb, ASKO-nun rəhbəri Rauf Vəliyev əksər oyunlara gəlir, komanda ilə yaxından maraqlanır, lakin Müşahidə Şurası bu diqqətin qarşılığını verə bilmir. Onların nəyi və necə müşahidə etdiklərini müəyyənləşdirmək çətin məsələdir. Eyni sözü klubun iarəedici şəxsləri, menecerləri haqqında da demək olar.
Görünən odur ki, “Səbail”də hələ islahatlar davam edəcək, göndərilənlər az olmayacaq. Ancaq rəhbərlik də başa düşməlidir ki, bəzi futbolçularla müqaviləni uzatmamaq çıxış yolu deyil. Əsl islahat məhz idarəetmə sistemində və rəhbər postlarda aparılmalıdır. Əks halda biz növbəti mövsüm də “Səbail”i turnir cədvəlinin üst sıralarında görə bilməyəcəyik.
AYXAN







