featured-image-11261

2007-сi ildən sonra ilk dəfə “Seltik” və “Qlazqo Reyncers” Çempionlar Liqasının qrupuna düşə bildilər.  Şotlandiyada hər kəs indi bu klubların qitənin ən nüfuzlu klub turnirindəki çıxışını səbirsizliklə gözləyir. Artıq 20 ildir Şotlandiyada yaşayan Fuad Ələkbərov Msport.az üçün Qlazqo derbisindən yazıb.

Şotlandiyanın Qlazqo şəhərini iki rənglə ifadə etmək olar: kral mavi və ya zümrüdü-yaşıl. Söhbət əlbəttə, dünyanın ən şiddətli derbisi olan “Old Firm”dən gedir.

“Seltik” və “Reyncers” klublarının arasında olan qızğın rəqabət Avropada heç bir derbiyə bənzəmir.

1888-ci il mayın 28-də yaranan derbiyə futboldan kənar amillər də təsir edir. “Reyncers” klubunun əsas azarkeş kütləsi şəhərin protestant və Britaniya ittifaqçı tərəfdarlı azarkeşlərindən formalaşıb. “Seltik” isə öz kökünü İrlandiyadan Şotlandiyaya köçmüş katolik immiqrant icmasından götürür.

Yerli və immiqrant münasibətlərindən başqa, milli kimlik, Şimali İrlandiya siyasəti, mühafizəkarlıq və sosializm qarşıdurması da derbinin gərginliyini artırır.

media-rue222c89641a

 

Şotlandiyada məzhəbçilik irqçilik qədər tabu olsa da, siyasi və dini ayrıseçlilik Qlazqoda zorakılıq hadisələrinin artmasına gətirib çıxarır. Azarkeşlərin davranışına görə hər iki klub illər boyu külli miqdarda cərimələnsə də, matçlarda çoxsaylı məzhəb şüarları və zorakılıq normal hal alıb.

Şotlandiya futbolu heç vaxt ingilis futbolunun qazandığı parlaq reputasiyaya malik olmasa da, həm “Seltik”, həm də “Reyncers” dünyanın ən məşhur futbolçuları ilə öyünür. İstər “Seltik”dən Kenni Dalqliş, Cimmi Conston və ya Henrik Larsson, istərsə də “Reyncers”dən Cim Bakster, Alli Makkoist və ya Brayan Laudrup –  bu cütlük illər ərzində dünya futboluna böyük simalar bəxş edib.

El Klassiko və Milan derbisində estetik baxımdan ən xoşagələn futbol sərgilənsə də, “Old Firm” derbisinin amansızlığı və misilsiz xaosuna heç nə çatmır.

media-protivostoyanie-neprimirimoe-1024x615
Celtic’s Scott Brown (L) talks with Rangers’ El Hadji Diouf during their Scottish Cup soccer match at Ibrox stadium, in Glasgow, Scotland February 6, 2011. Diouf and Brown clashed in Sunday’s Old Firm draw. Photograph taken on February 6, 2011. REUTERS/David Moir (BRITAIN – Tags: SPORT SOCCER)

Oyun günü

Derbi günü şəhərdə atmosfer elektrik olur: bütün pivəxanalar və barlar çılğın azarkeşlərlə dolur; Qlazqo metrosu gücləndirilmiş iş rejiminə keçir; polis maşınlarının və azarkeşlərin səs-sədası şəhəri bürüyür.

Azarkeşlərin rəqabəti o qədər amansızdır ki, oyunlar adətən günorta və ya ən geci günortadan sonra təyin olunur.

Dostum Kenni qeyd edir ki, “Seltik” və ya “Reyncers”i dəstəkləmək həyatınızda indiyə qədər yaşaya biləcəyiniz ən həyəcanlı, ürək parçalayan, eyforik və acınacaqlı təcrübələrdən birinə bənzəyir. Kiçik dəstəyə daxil olan dar düşüncəli və irqçi insanlar isə futbola zəhərli ləkə qatır. Əksər azarkeşlər digər komandanın hesabına yalnız gülmək və zarafat etmək istəyirlər.

Şotlandiyalı azarkeşlər üçün futbol sadəcə topla oyun deyil. Futbol kult səviyyəsinə çatmış bir həyat tərzidir.

Şotlandiyadan Azərbaycan futboluna baxış

Şotlandiyada Azərbaycan futboluna maraq 2015-ci ildə “Seltik” – “Qarabağ” oyunundan sonra yaranmağa başladı. Ağdam komandası bir çox şotland azarkeşlərinin yadında “möhkəm” və “təcrübəli” klub kimi həkk olunub.

media-_84562791_boyatagoal

Edinburqda və bir müddət Bakıda yaşayan futbol analitiki Patrik Kaski qeyd edir ki, “Qarabağ”ın UEFA yarışlarında müntəzəm iştirakı və komandanın göstərdiyi dinamik çıxıları onda Azərbaycan futboluna maraq doğurub. O, Azərbaycan futbolunun gələcəyi ilə bağlı fikirlərini də bildirib:

“Mənim Azərbaycan futbolunda uzunmüddətli problemlərin qısamüddətli həlli xoşuma gəlmir. Azərbaycan Premyer Liqasında azarkeş sayının az olması da çox üzücüdür.

Azərbaycan futbolunun gələcəyi “Qarabağ”ın monopoliyası ya da “Qarabağ” – “Neftçi” tandeminin duapoliyası ilə bağlıdır. Fikrimcə hər iki klubun göstərdiyi səviyyəli oyunlar ölkədə futbolun inkişafına səbəb ola bilər.”

FUAD ƏLƏKBƏROV

Bənzər xəbərlər