featured-image-7769

Azərbaycan futzal millisinin qapıçısı Emin Kürdov DÇ-2024-ün əsas seçmə mərhələsinin və klubu “Araz-Naxıvan”ın mübarizə aparacağı Çempionlar Liqasının püşkünü dəyərləndirib.

Msport.az xəbər verir ki, 38 yaşlı oyunçu bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında danışıb:

“Araz-Naxçıvan”ın rəqiblərindən birinin adı dəqiqləşib – “Mostar”. Bosniya və Herseqovina çempionu ilə 2017-ci ildə də qarşılaşmışdıq və həmin oyunda inamlı qələbə qazanmışdıq –  5:2. Oyunların onların meydanında keçirilməsi bu komanda üçün nisbətən üstünlük hesab edilə bilər. Digər iki rəqib isə hələ məlum deyil.

Milli komandaya gəldikdə, sərfəli qrupa düşmüşük. Yunanıstan millisi ilə sonuncu dəfə 1 il əvvəl qarşılaşmışdıq. Bakı İdman Sarayında onları 4:0 hesabı ilə yenmişdik. Həmin matçdan 3 ay əvvəl Afinada keçirilmiş oyunda da biz qələbə qazanmışdıq – 3:0. Onları yaxşı tanıyırıq. “Dişimiz”ə görə rəqibdir. Daha doğrusu, udulası komandadır. Polşanın gücünü isə həm Sloveniyada, həm də Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində görmüşəm. Yaxşı təsir bağışladılar. Qrupun favoriti biz hesab edilsək də, boşluğa yol vermək, arxayınlaşmaq olmaz. Bu gün istər Avropada, istərsə də digər qitələrdə orta səviyyəli komandalar iddialıları büdrədir, xal alır. Biz də Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində Gürcüstanla matçda yol verdiyimiz səhvdən nəticə çıxarmalıyıq, təkrarlanmasına imkan verməməliyik. Həmin matçda hesabda 2:0 üstünlük qazandığımız zaman, nə baş verdisə, sonda yenildik. Ona görə bütün rəqiblərə hörmətlə yanaşmalı, matçlara məsuliyyətlə çıxmalıyıq. Belə deyim də, qarşıya qoyulan məqsədə nail olmaq öz əlimizdədir”.

Qeyd edək ki, futzal millimiz DÇ-2024-ün seçmə mərhələsində 6-cı qrupda Yunanıstan və Polşaya rəqib olub.

Əlavə edək ki, “Araz-Naxçıvan” B yolunun 5-ci qrupunda “Mostar” (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibləri ilə görüşəcək. Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 – 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

Bənzər xəbərlər