Son sıralarda ölüm-dirim savaşı
Azərbaycan Premyer Liqasının 22-ci turunun oyunlarından sonra turnir cədvəlinin alt sıralarında vəziyyət daha maraqlı xarakter almağa başladı. “Zirə” üzərində qələbədən sonra “Səbail” sonuncu pillədən qurtula bildi. “Dənizçilər” Bayılda keçirilən oyunda rəqibdən üstün təsir bağışladılar. Şahin Diniyev yavaş-yavaş beynindəkiləri futbolçularına aşılaya bilir. Əgər “Səbail” “Kəpəz”i bəxtəbəxt məğlub etmişdisə (1:0), bu dəfə meydan sahiblərinin qalibiyyətinə heç kim kölgə sala bilməz. Diniyevin özünün də dediyi kimi “Zirə”ni yaxşı təhlil etmələrinin hesabına 3 xal qazandılar. “Səbail”in futbolçuları Hamidu Keytaya geniş sahə vermədilər və onu bağlamağı bacardılar. Bundan başqa, Rəhim Sadıxova qarşı yaxın oynadıqlarından “10 nömrə” meydanda istədiklərini həyata keçirə bilmədi.
Son transferlərdən sonra Rəşad Sadıqovun seçim imkanları artsa da, “Zirə” hələ ki stabil oyun göstərə bilmir. Düzdür, yeni transfer Kulaç gələn kimi zədələndi. Amma yenə də qəsəbə klubunun heyətinin zəif olduğunu demək olmaz. Lakin “Zirə” bəzən çox bəsit qollar buraxır. Məncə, komandanın əsas problemlərindən biri qapı xəttidir. Ötən tur “Qəbələ” ilə matçda Mehdi Cənnətov inamlı oynamadığından baş məşqçi bu dəfə Anar Nəzirova şans vermişdi. Hərçənd Nəzirov da ümidləri doğrultmadı. Ümumiyyətlə, “Zirə” digər bütün xətlərə futbolçu alsa da, qapıçı mövqeyində dəyişiklik etmədi və buna görə deyəsən, hələ komandanın çox başı ağrayacaq.
“Sumqayıt” – “Şamaxı” 6 xallıq oyun idi. Samir Abasovun komandası öz meydanında 3 xal qazana bildi. Qonaqlar əllərinə düşən imkanları dəyərləndirə bilsəydilər, hər şey fərqli ola bilərdi. “Sumqayıt”ın yeni transferi Karim Abubakar çempionatda ikinci qolunu vurdu. Ümumiyyətlə, matçın taleyini meydan sahiblərinin legionerləri həll etdi, deyə bilərik. Kamran Əliyev nəhayət ki, Azərbaycan Premyer Liqasında debüt etdi. Dieqo Karioka zədələnməsəydi, yəqin ki, Rusiyadan gəlmiş həmyerlimiz start heyətində meydana çıxmayacaqdı.
“Sumqayıt” bu vacib qələbədən sonra sonuncu yerdəki “Kəpəz”dən 4 xal aralandı. Gəncə klubuna gəlincə, onlar gələn tur öz meydanlarında “Şamaxı”nı qəbul edəcəklər. Bu oyun ən azı Tərlan Əhmədovun komandadakı gələcək taleyinə aydınlıq gətirə bilər. “Kəpəz”də həqiqətən vəəziyyət yaxşı deyil. Əhmədov son mətbuat konfransında bütün körpüləri yandırdı. Əgər, Gəncə təmsilçisi “Şamaxı”nı məğlub edə bilməsə, böyük ehtimalla baş məşqçi istefaya göndəriləcək.
ELNUR MƏMMƏDLİ







