"Sport-ekspress" "Qarabağ" - "Gent" oyunu haqqında: "İsveçli və polşalı hakimlər qəribə penalti təyin etdilər"
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off matçında “Gent” üzərində minimal hesablı qələbəsi Rusiya mətbuatında da işıqlandırılıb.
Msport.az xəbər verir ki, nüfuzlu “Sport-Ekspress” qəzeti qonaqların qapısına təyin olunan şübhəli penaltini və Ramil Şeydayevin fərqlənə bilməməsini xüsusi vurğulayıb:
“Oyunun 50-ci dəqiqəsində isveçli hakim Mohammed Əl-Hakim VAR-da olan polşalı həmkarı Bartoş Frankovskinin müdaxiləsindən və monitora baxdıqdan sonra qonaqların qapısına penalti təyib etdi. O, həmçinin “Gent”in müdafiəçisi Cordan Torunariqanı sarı vərəqə ilə cəzalandırdı.
Hakim qərar verdi ki, “Gent”in futbolçusu əllə oynayaraq qapıya gedən topun istiqamətini dəyişdi. Referinin yorumu yanlışdı. Belə ki, yerə yıxılmış Torunariqanın sol əli dayaq idi və belə bir durumda olan futbolçu üçün bu, əlin təbii vəziyyətidir. Əlbəttə, əgər Əl-Hakimini çox müdafiə etmək istəsən, demək olar ki, müdafiəçi qapıçı kimi oynayıb və zərbənin qarşısını əli ilə alıb. Lakin təkrar epizodlar əks qənaəti yaradır, referi səhv edib.
11 metrlik cərimə zərbəsinə gəlincə, Ramil Şeydayev penaltini qola çevirə bilmədi. Ədalət yerini tapdı”.
AYXAN







