"Sumqayıt"ın yeni transferi: "Rus dilini bilmək mənə çox kömək edir"
“Sumqayıt”ın braziliyalı hücumameylli yarımmüdafiəçisi Dieqo Kariokanın Msport.az-a müsahibəsi
– Əvvəlcə “Sumqayıt”a transferinizdən başlayaq. Keçid necə baş tutdu?
– İlk əlaqə bir neçə ay əvvəl quruldu. Sadəcə, həmin vaxt bəzi məsələlərə görə gələ bilmədim. Şadam ki, doğru zamanda keçid baş tutdu.
– Daha öncə Azərbaycan futbolu haqqında hər hansı məlumatınız var idi?
– Əlbəttə. Bəzi klubları tanıyırdım. Həmçinin, burada oynayan braziliyalılardan aldığım bəzi məlumatlar işimi asanlaşdırdı.
– Artıq 1 aya yaxındır ölkəmizdəsiniz. Premyer Liqada bir neçə oyuna çıxmısınız. Azərbaycan futbolu ilə bağlı təəssüratlarınız necədir?
– İlkin təəssüratım belədir ki, burada daha çox fiziki və yaxın təmaslı oyuna üstünlük verilir. İnanıram ki, addım-addım buradakı oyun üslubuna uyğunlaşacaq və öz potensialımı tam açacağam.
– Azərbaycanda ən çox nəyi bəyəndiniz?
– Azərbaycan çox gözəl diyardır. Rus dilini bilmək mənə çox kömək edir. Çünki burada çox adam rus dilində danışır.
– Vikipediyanıza baxanda son 4 ildə 7 klub dəyişdiyinizi görmək olar. Səbəb nədir?
– Hər şey heç də həmişə qaydasında getmir. Ukraynadakı müharibə vəziyyəti mənim də planlarımı çox pozdu. Bu dəyişikliklər oyunlarıma da təsir etməyə başladı. Ümid edirəm ki, burada daha sabit çıxış edəcək və meydanda ən yaxşı oyunumu göstərə biləcəyəm.
– “Sumqayıt” qış fasiləsindən sonra 1 qələbə qazanıb və 2 oyunda uduzub. Komanda niyə stabil çıxış edə bilmir?
– Səhvlərimizdən nəticə çıxarıb keyfiyyətimizi artırmaq üçün daha çox çalışmalıyıq. Yaxşı heyətimiz var, inamlı və yaxşı oyunla turnir cədvəlində yuxarı pillələrə yüksələ bilərik.
– Son turda “Neftçi”yə uduzdunuz? Məğlubiyyəti necə izah edərdiniz?
– Yaxşı oyun keçirdik. Amma belə matçlarda bizə təkcə yaxşı oyun lazım deyil. Bütün detallara diqqət yetirməliyik. Bu, daha yüksək səviyyəli komandaları məğlub edə biləcəyimiz yeganə yoldur.
– Növbəti oyun turnir cədvəlində sizdən 1 pillə yuxarıda qərarlaşan “Şamaxı”ya qarşı olacaq. Bu matçla bağlı nə düşünürsünüz?
– Qalib gəlmək şansımız var, rəqibi və səhvlərimizi təhlil edirik. Meydana qələbə üçün çıxacağıq. İnanıram ki, hər şey yaxşı olacaq.