featured-image-30548

Tərlan Əhmədovun yeni mövsümdə “Kəpəz”də qalması böyük sual altındadır. Gəncə klubunun baş məşqçisi hər dəfə mətbuat konfranslarında şərtlərin yaxşılaşmayacağı halda komandadan gedəcəyini desə də, səbəb təkcə şərait deyil.

51 yaşlı mütəxəssisin Gəncədə demək olar ki, hamı ilə münasibətləri korlanıb.  Onun əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanovla daim aralarında problem olur. Bu günlərdə yenə bu iki məşqçinin mübahisəsi düşüb.

Ümumiyyətlə, onların arasındakı konflikt Əhmədovun həmkarının oğlu Zahid Mərdanovu “Kəpəz”dən göndərməsindən sonra daha da dərinləşdi. Zahid qış fasiləsindən sonra “Şamaxı”da oynamağa başladı.

“Kəpəz”in baş məşqçisi idman direktoru Mehman Allahverdiyevlə də “mehriban düşməndir”. Xüsusən də Mehman bəyin qardaşı Füzuli Allahverdiyevi məşqçi işindən azad etdikdən  sonra.

Msport.az-ın əldə etdiyi məlumata görə, Əhmədova müxalif qüvvələr artıq Rusiyada yaşayan gəncəli hörmətli şəxsləri də söhbətə qatıblar. Futbolla maraqlanan biznes adamları, avtoriteti olan şəxslər müəyyən vasitələrlə təzyiq göstərirlər ki, baş məşqçi postunda dəyişiklik olsun. Məhz bu səbəbdən 51 yaşlı mütəxəssis “Kəpəz”dəki perespektivinə inanmır.

Hətta Əhmədov gözləyir ki, hər hansı komandada istefa reallaşsa, vakant yer yaranan kimi ora gedə bilsin.

Klubun İdarə heyətinin sədri İlqar Nadirinin “ortada” qalması da diqqət çəkir. Gənc rəhbər şəxs nə açıq şəkildə baş məşçiyə dəstək verə bilir, nə də “müxaliflər”in yanında özünü pis edir. O, sanki kənardan durub gözləyir ki, hadisələr necə yekunlaşacaq və hansı tərəf üstün olacaq. Elə bil VİP tribunadan qladiator döyüşlərini izləyir. Sanki bütün bu baş verənlər onun rəhbəri olduğu komandada yox, başqa  klubda cərəyan edir.

AYXAN

 

Bənzər xəbərlər