featured-image-31395

Tərlan Əhmədov bəlkə də dünyada yeganə məşqçidir ki, nəticə verdikdən sonra istefaya göndərilir. Yadımdadır, “Neftçi”yə gələndə vəziyyət çox pis idi, amma komandanı avrokuboklara çıxara bildi. Bir müddət keçdi vəzifəsindən azad olundu və yerinə Roberto Bordin gətirildi. Avropada da “ağ-qaralar” italiyalı mütəxəssisin rəhbərliyi altında oynadılar.

“Keşlə”də də oxşar hadisələr yaşandı. Əhmədov komandanı Avropaya çıxarmağı bacardı. Lakin klubun rəhbəri Zaur Axundov baş məşqçi ilə yollarını ayırdı. “Laçi” ilə (Albaniya) UEFA Avropa Liqasınn oyununa komandanı yeni məşqçi Yunis Hüseynov çıxardı.

İndi isə Gəncə hadisələri. Əhmədov mövsüm ərzində bir neçə dəfə “Kəpəz”i elitada saxladıqdan sonra istefa verəcəyini dedi. Hadisələrin kulminasiya nöqtəsi isə Tovuzda “Turan”a uduzduqları matçdan sonra baş verdi. Yenə də şəraitsizlikdən (bu məsələdə haqlı idi – red.), klub daxilində baş verən neqativ hadisələrdən danişan 51 yaşlı mütəxəssis mövsümün sonunda Gəncəni tərk edəcəyini bildirdi.

Bu ssenari mövsümün sonuna kimi davam etdi. Əhmədov hər turdan sonra rəhbərliyi manipulyasiya edirdi ki, “bilmirəm, burda qalacam, yoxsa yox”. “Qəbələ” ilə son turun oyunundan sonra isə o, valı dəyişdi,  bu dəfə fərqli açıqlama verdi:  “Artıq komandada qalmaq barədə qərar vermişəm, bundan sonrası rəhbərliklə bağlı olan məsələdir”.

Bəlkə də Tərlan müəllim əmin idi ki, onu baş məşqçi kimi saxlayacaqlar. Hər halda “Kəpəz” Premyer Liqada qaldı, komandanın oyunu haqqında da mənfi heç nə danışmaq mümkün deyildi. Məhdud büdcə, tərcüməçi olmadan Gəncə klubu “Qarabağ”, “Sabah”, “Neftçi” kimi liderləri büdrətməyi bacardı.

İndi isə gələk, Əhmədovun istefaya göndərilməsinə. Hələ bir gün əvvəl məşqçi “matç.az”a açıqlamasında bütün bunları boş söz-söhbət adlandırmışdı. Sən demə, qız evində toy imiş, oğlan evinin xəbəri yox. Əminliklə demək olar ki, o, nəticəyə görə yola salınmadı.

Deyilənə görə, Əhmədovun klub daxilində intriqalara girməsi, az-qala hər kəslə düşmən olması pik həddə çatıbmış. Bütün bu  narazılıqlar öz yerində, bir də məşqçi klubun rəhbəri İlqar Nadirinin də dalınca danışırmış ki, bunu da ona çatdırıblar.

Əhmədovun göndərilməsinin səhv və ya düz addım olduğunu deyə bilməyəcəm. Amma əmin olduğum odur ki, “Kəpəz” gələn mövsüm heç də ötən çempionatdakından güclü olmayacaq.

AYXAN

Bənzər xəbərlər