featured-image-22761

Böyük ehtimalla Tərlan Əhmədov bu gün “Kəpəz”in baş məşqçi postundan gedəcək. Dünən “Turan Tovuz”la oyundan (0:2) sonra mətbuat konfransında deyilənlər bizi bu qənaətə gətirir. Gəncə klubunun çalışdırıcısı yəqin, özü də hiss etmişdi ki, bu onun hazırkı komandasında son çıxış imkanıdır. Ona görə də Əhmədov jurnalistlər önündə gözünü yumub ağzını açdı. Nələrdən danışmadı ki?!

Çoxdandır İsgəndər Cavaovla görüşməməsindən, onun da artıq deyəsən, əks cəbhəyə keçməsindən. 

Gəncədə yerlipərəstlik məsələlərinin ön plana çıxmasından. Gəncəlilərlə kənardan gələnlər arasında fərq qoyulmasından, özünə ögey münasibətdən. 

Oyunlardan 2-3 gün əvvəl mətbuata qəsdən informasiyaların sızdırılmasından. 

Bəzi adamlara gücünün çatmamasından, “Kəpəz”i Premyer Liqada saxlayıb sonra gedəcəyindən. 

Özündə heç bir günah görməməsindən.

Digərlərini kənara qoyub, başlayaq son məsələdən, dünən mətbuat konfransında həmkarım yaxşı sual verdi ki, “Tərlan müəllim, eyni aqibətlə həm “Neftçi”də, həm də “Keşlə”də üzləşmisiniz. İndi də eynisi təkrarlanır. Bəlkə problem sizin xarakterinizdədir”. 

Amma bütün bu baş verənlərdən sonra Əhmədov nədənsə, özündə günah görmək istəmir. Hamı etiraf edir ki, onun gəlişindən sonra “Kəpəz” daha yaxşı oynayır, öz meydanında “Qəbələ”, “Qarabağ” kimi rəqiblərlə matçda sona qədər dirəşdi.

Lakin 51 yaşlı mütəxəssis Gəncə klubunda heç cür yaxşı ortam, işgüzar mühit yarada bilmədi. “Kəpəz”ə gedən hər kəs bilir ki, orada işləmək nə dərəcədə çətindir, eyni aqibətlə vaxtilə Yaşar Vahabzadə də üzləşib. Gəncə klubunda gərək suyu da üfürə-üfürə içəsən. Lakin Tərlan müəllim belə etmədi. Gedən gündən təcrübəli futbolçular – Rauf Əliyev, Əfran İsmayılovla ciddi problemlər və bu məsələlərin mətbuata çıxması. Üstəlik, oyunçuların baş məşqçi haqqında dedikləri… Maraqlıdır ki, bütün bunlar baş verəndə klubun İdarə Heyətinin sədri İlqar Nadiri sadəcə müşahidəçi mövqeyi tuturdu. O, heç vaxt baş məşqçini aşkar şəkildə dəstəkləmədi.

Bundan başqa, Əhmədovun “Kəpəz”in aşağı yaş qruplarında olan həmkarları ilə münasibətləri şillə-yumruq səviyyəsinə gəlib çatmışdı.

Lakin Əhmədov deyir ki, “mən səhv deyiləm, sadəcə işimə tələbkaram, ona görə də belə vəziyyət yaranır”. Amma neçə ildir bu sahədə olan məşqçinin öz komandası belə yoxdur. O, “Kəpəz”ə gələrkən Bakıdan özü ilə yalnız Ədahim Niftəliyevi gətirdi. Halbuki Niftəliyevlə onların indiyə qədər yaxın olmasını heç kim deyə bilməz. Əhmədovun vaxtilə birgə işlədiyi Vadar Nuriyevlə arası dəydi, sonra heç kimin tanımadığı Mehman Babayevi “Neftçi” kimi kluba köməkçi gətirdi. İndi səhv etmirəmsə, heç Babayevlə də münasibətlər qaydasında deyil. Məgər bütün bunlar xarakterdəki problemlərin göstəricisi deyil? Əhmədov “Kəpəz”də tək qalıb, güvənəcəyi, arxasını dayayacağı heç kim yoxdur. Amma kimdir günahkar? Məgər özünün az günahı var?

AYXAN 

 

 

 

Bənzər xəbərlər