featured-image-21890

“Səbail” öz meydanında “Kəpəz” üzərində minimal hesabla qələbə qazanaraq xallarının sayını 13-ə çatdırdı və sonuncu pilləni tərk etdi. Dünənki oyundan sonra 10-cu sıraya Gəncə klubu düşdü. “Səbail” – “Kəpəz” matçının özündən çox ətrafında baş verən hadisələr geniş rezonans doğurdu. Stadionun yanında “Kəpəz” azarkeşinin bıçaqlanması, eləcə də mətbuat konfransında Tərlan Əhmədovun açıqlamaları.

Əhmədov başını aşağı salıb işləyəndə, ətrafda nə danışıldığına fikir verməyəndə komandaları daha yaxşı oynayır, nəticə əldə olunur. Vay o haldan ki, o, hər şeyə münasibət bildirdi, bu zaman işə köklənməkdə problemlər yaranır. Tərlan müəllimin dünənki açıqlamaları da göstərir ki, o, söz-söhbətlərə, haqqında danışanlara daha çox reaksiya verir. Bu isə istənilən məşqçinin normal fəaliyyət göstərməsinə mane olar.  Ümumiyyətlə, Əhmədov “Neftçi”yə gəldikdən sonra da komanda daha yaxşı oynamağa başladı, turnir cədvəlində üst sıralara yüksəldi, lakin onun mətbuat konfransında bəzən gərəksiz açıqlamaları ümumi işə mane olurdu. İndi eyni prosses “Kəpəz”də baş verir.

“Oyuna iki gün qalmış söz-söhbətlər ortaya atılır. Daxildə elə adamlar var ki, zamanında bəzi məlumatları sızdırdılar. Bir futbolçunu etdiyi əmələ görə yola salmışam. Komandanın içində mənə dedi ki, sənin haqda elə sözlər deyəcəm ki, bir Allah bilir. Mən də dedim ki, ürəyin istəyən şeyi deyə bilərsən. Mənim həyatda qorxduğum nəsə yoxdur. Önəmli adamam ki, haqqımda danışırlar. İşlədiyim hər klubda nəticə vermişəm. Oyun satan da deyiblər. Bu qumarı çıxaranın Allah bəlasını versin. Onu oynayanın da Allah bəlasını versin. Ümumiyyətlə deyirəm. 52 yaşım var, hələ bilmirəm ki, hansı qumar necə oynanılır. Adıma min dənə söz çıxarırlar”.  

Bir baş məşqçi mətbuat konfransında axı niyə belə danışmalıdır? İstənilən klubda bu cür problemlər ola bilər, məşqçi ilə futbolçu bəzən yola getmir, aralarında əlli cür fikir ayrılığı olur. Lakin bunlar mediaya çıxmamalıdır. Xüsusən də baş məşqçi tərəfindən. Əhmədov isə sanki həddən artıq səmimi görünmək üçün yarışa girib. Onun mətbuat qarşısında bu cür çıxışları işin yalnız ziyanınadır. Əslində ən böyük zərbənin özünə dəydiyini də sanki hiss etmir. Bütün bu baş verənləri izləyən hər hansı klub rəhbəri sabah Tərlan müəllimi öz klubuna çağırmaz. Deyəcək ki, “problemli adamdır, çox danışır, ondan bizə xeyir gəlməz”.

Əhmədovun mollalarla bağlı dedikləri də diqqəti cəlb edir. Futbolun içində olan adamlar yaxşı bilir ki, Əhmədov üzü AZAL-dan bu yana bu cür işlərə meyillidir. Hətta AZAL-ın Şüvəlandakı stadionunda hacılara xüsusi yer də ayrılırdı. Lakin bu məşqçinin şəxsi işidir. Heç kim buna görə ona nəsə deyə bilməz. İstəyər din xadimi ilə dostluq edər, istəyər meyxanaçı ilə, istəsə də lap reperlə. Amma iş orasındadır ki, Əhmədov özü bu məslələrdən mətbuat konfransında danışır və “qarağa, məndə qoz var” deyir. O, Azərbaycan səviyyəsində çox yaxşı lider futbolçu olub, uzun illər millidə kapitan sarğısını daşıyıb, məşqçi kimi heç nədən nəsə yarada bilir. Ancaq xarakterində ciddi problemlər var və bunları yoluna qoymayana qədər böyük məşqçi olmayacaq!

AYXAN  

Bənzər xəbərlər