"Tərlan "Kəpəz"də elə hoqqalardan çıxdı ki..." - Əfran İsmayılov
“Kəpəz”in sabiq futbolçusu Əfran İsmayılov Tərlan Əhmədovun Gəncə klubundan göndərilməsinə münasibət bildirib.
Veteran yarımmüdafiəçi Msport.az saytına açıqlamasında bunun gözlənilən olduğunu söyləyib:
“Tərlanın gedəcəyi gözlənilən idi. “Kəpəz”də elə hoqqalardan çıxdı ki. Nə qədər nəticə versən də, heç kimlə yola getmirsən, kiminsə ayağının altını qazıb yerinə başqasını gətirirsən, hamı ilə dalaşırsan, pul yığırsansa, əlbəttə ki, sonu belə olmalı idi. Həmişə demişəm ki, məşqçi insan kimi keyfiyyətli, xarakterli olmalı, hər kəslə dil tapmalıdır. Bunu bacarmırsa, heç bir klubda işləyə bilməz. Eləcə də Tərlan bu aqibətlə üzləşdi və getdi”.
O, yeni baş məşqçi Azər Məmmədovun təyinatına da toxunub: “Bilirsiniz ki, o, həm futbol adamı, həm də insan kimi keyfiyyətlidir. Premyer Liqada baş məşqçi kimi ilk işi olacaq. Amma hər kəs hardansa başlamalıdır. Üstəlik, gəncəlidir. İnanıram ki, vəziyyəti ələ alıb Xaliq Mərdanovla birlikdə yaxşı komanda formalaşdıracaq və “Kəpəz”in uğurları üçün çalışacaq”.
Qeyd edək ki, “Kəpəz” Azər Məmmədovla 1+1 illik müqavilə bağlayıb.







