featured-image-24023

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və kapitan Emin Mahmudovun “The Best” mükafatı üçün kimlərə səs verdikləri bəlli olub.

Msport.az xəbər verir ki, De Byazi ümumilikdə sıralamanı düzgün təxmin edib.

O, argentinalı Lionel Messini birinci, fransalı hücumçulardan Kilian Mbappeni ikinci, Kərim Benzemanı isə üçüncü yerdə göstərib. Emin isə Benzemanı ötən ilin ən yaxşısı seçib. O, Fransanın PSJ klubunda çıxış edən Mbappe ilə Messini müvafiq olaraq 2-3-cü yerlərə layiq bilib.

İlin ən yaxşı baş məşqçisi nominasiyasında De Byazi həmkarlarını bu cür sıralayıb: Karlo Ançelotti (“Real”, İspaniya), Lionel Skaloni (Argentina), Valid Reqraqi (Mərakeş). Mahmudov da ilk iki sıranı baş məşqçisi kimi seçib. Ancaq o, üçüncü yerə İngiltərənin “Mançester Siti” klubunun çalışdırıcısı Pep Qvardiolanı layiq bilib.

Millinin kapitanının qapıçı seçimi bir qədər qəribə olub. Onun fikrincə, Mərakeş yığmasının və “Sevilya” (İspaniya) klubunun qolkiperi Yassin Bunu 2022-ci ilin ən yaxşısıdır. Mahmudov “Real”ın belçikalı dəri əlcək sahibi Tibo Kurtuanı ikinci, İngiltərə təmsilçisi “Liverpul”da oynayan braziliyalı Alisson Bekkeri üçüncü pillədə göstərib. Əvəzində Mahmudovun ilk “üçlüy”ə layiq bilmədiyi argentinalı Emiliano Martinesin qalib gələcəyini De Byazi müəyyənləşdirə bilib. Baş məşqçi Yassin Bunuya ikinci, Tibo Kurtuaya üçüncü yeri “verib”.

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və kapitanının da səsvermədə kimlərin adını qeyd etdiyi bəlli olub. Baş məşqçi Siyasət Əsgərov ilk “üçlüy”ü bu qaydada sıralayıb: Aleksandra Popp (Almaniya), Aleks Morqan (ABŞ), Aitana Bonmati (İspaniya). Kapitan Sevinc Cəfərzadə də ilin ən yaxşısı seçilən Aleksia Putelyası (İspaniya) ilk “üçlüy”ə layiq bilməyib. O, müvafiq olaraq Aleksandra Popp, həmçinin ingiltərəli Lea Uilyamson və almaniyalı Lena Oberdorfa səs verib.

İlin ən yaxşı qadın məşqçi nominasiyasında Siyasət Əsgərov 1-ci yerə Sarina Vyeqmanı (Niderland), 2-ciliyə Martina Voss-Teklenburqu (Almaniya), üçüncü pilləyə isə Pia Sundeyci (Braziliya) layiq bilib. Sevinc Cəfərzadənin sıralaması isə bu cür olub: Martina Voss-Teklenburq, Sarina Vyeqman, Bev Priestman (Kanada).

Baş məşqçi və kapitanın ən yaxşı qadın qapıçı sorğusundakı səsverməsi belədir: Siyasət Əsgərov – 1. Meri Erps (İngiltərə), 2. Merle Froms (Almaniya), 3. Sandra Panos (İspaniya); Sevinc Cəfərzadə – 1. Merle Froms, 2. Meri Erps, 3. Ann-Katrin Berger (Almaniya).

Qeyd edək ki, ən yaxşı qadın baş məşqçi Sarina Vyeqman, qapıçı isə Meri Erps seçilib.

Bənzər xəbərlər