Tovuza gələn böyük ümid - "Huner Group" hamını həyəcanlandırıb
“Turan Tovuz” dünən yeni sponsoruna qovuşdu. “Huner Group” 4,5 il ərzində Qərb klubunun baş sponsoru olacaq. İmzalanma mərasimi xoş məqamlarla yaddaşımızda iz buraxdı. “Turan”ın ilk yaradıcısı, komanda UEFA kubokunda “Fənərbaxça” ilə qarşılaşarkən klubun prezidenti olmuş Vidadi Əhmədovun yaddan çıxmaması, ona tədbirdə söz verilməsi incə, amma eyni zamanda diqqətəlayiq jest idi.
Stadionu gəzərkən hiss olunurdu ki, “Huner Group” tədbirə kifayət ciddi hazırlaşıb. Stadionun hər yerində qoyulan bannerlər, tədbirin keçirildiyi üstüqapalı meydançanın hazırlanması, səhnədən tutmuş, mikrafonlara kimi – hər şey tədbirin əyalət səviyyəsini aşdığını göstərirdi.
“Huner Group”un təsisçisi Ehtiram Quliyevin mətbuat konfransında jurnalistlərin suallarına səmimi cavab verməsi, rahat olması, heç nədən çəkinməməsi hər kəsdə bir rəğbət yaratdı. Əslində bunlar mənim üçün o qədər də təəccüblü deyildi. Çünki Ehtiram bəy haqqında eşitdiklərimdən əlavə, şahidi olduğum məsələlər də var idi. İş elə gətirmişdi ki, “Qarabağ”ın “Sürix” səfərinə yollananlar arasında “Huner Group”un rəhbəri də var idi. Mən də həmin vaxt İsveçrəyə şərhçi kimi gedirdim və ayaqüstü də olsa, söhbətləşmək, fikir mübadiləsi aparmaq imkanımız olmuşdu. Ən vacibi Quliyev ənənəvi azərbaycanlı iş adamı stereotipini qıra bilib. Hər kəslə çox rahat kontakt qurur, istənilən mövzü barədə danışır, bir çox biznesmenlər kimi “mən hara, bunlar hara” düşüncəsindən qat-qat uzaq adamdır.
Elə Tovuzda keçirilən tədbirdə də onun açıqlamaları yalnız xoş təəssüratlarla yadda qaldı. “İndidən nəticə tələb edə bilmərik, prioritetimiz akademiya da olacaq, peşəkar idarəçilik inistutunun yaradılmasına çalışacağıq” deyən yeni sponsor böyük ümid verdi. Hiss olunur ki, Quliyev mövsümün ortasında “niyə avrokuboklara düşmədiz” deyib klubu buraxan tiplərdən deyil.
Onun niyə məhz “Turan”ı seçməsi barədə suala verdiyi cavab da kifayət qədər maraqlı oldu: “Seçimimizdə başlıca amillərdən biri klubun adının “Turan” olmasıdır. Bu sədəcə ad deyil, fəlsəfədir. Bu ad altında birləşməmək, dəstək olmamaq mümkün deyil”.
Dünəndən Tovuzda hamı ümidlidir. Yeni sponsorun gəlişi, “Kəpəz” üzərində Qərb derbisində qazanılan qələbə hamıda gələcəyə nikbin baxmağa səbəb olub. Təki tələskənlik olmasın. Bu elə inşaatdır ki, pillə-pillə qurulmalıdır. 4-5 ildən sonra artıq “Turan”ı avrokuboklarda da görə bilərik. Sadəcə bundan sonra hamının bir nöqtəyə vurması, Tovuz klubunun gələcəyi üçün məsuliyyətlə çalışması gərəkir.
ELNUR MƏMMƏDLİ







