featured-image-22919

Bu gün “Turan” klubunun yaranma günüdür.  Tovuzda futbolun tarixi hələ XX əsrin əvvəllərinə gedib çıxır. 1912-ci ildə Tovuz bölgəsinə köçən almanlar dörd il sonra orada ilk dəfə kiçik stadion tikirlər. 1916-cı ildə həmin almanlar “Rothe Fahne” klubunun əsasını qoyurlar. Bu komanda Azərbaycanın ilk əyalət klubu hesab olunur.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Tovuzda müxtəlif illərdə fərqli adlarla futbol komandaları olub – “Spartak”, “Kolxozçu”, “Məhsul”. 1990-cı ildə “Məhsul”un adı dəyişdirilərək “Oğuz” qoyulur. Səbəb kimi izah olunur ki, Tovuz sözünün mənası 7 oğuz anlamına gəlir.

İndiki “Turan” 1992-ci ildə yaranır. Yeni komanda üçün sponor tapmaq həmin vaxtda da aktual məsələlərdən idi. Rayon ictimaiyyəti gəncliyində voleybolla məşğul olmuş iş adamı Vidadi Əhmədova müraciət edir. Əhmədov öncə birdəfəlik yardıma razılıq verir, lakin o dövrdə Tovuz rayon polis şöbəsinin rəisi olan Novruz Həsənovun təkidindən sonra o, komandanın əsas sponsorluğunu öz üzərinə götürür.

Kluba “Turan” adının verilməsi də əfsanəvi Novruz Həsənovun (Novruz əmi) adı ilə bağlıdır. Qatı millətçi, vətənpərvər olan Həsənov klubun rənglərinin göy-ağ seçilməsini istəmişdi ki, burada da göy rəng türkçülüyü əks etdirirdi.

Əbülfəz Elçibəyin yaxın dostu olan Novruz Həsənov yerlərdə AXC-nin qurulması prosesində böyük işlər görüb.

O, 1948-ci il martın 22-də Tovuzun Bozalqanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakultəsini bitirdikdən sonra Qubadlı, Xanlar, Gəncə kimi bölgələrdə polis zabiti olaraq çalışıb. Həsənov Tovuzun polis rəisi olarkən 1992-ci ildə Kirən kəndində “Ruzigar” hərbi düşərgəsini yaradır və ora Türkiyədən döyüşməyə gələn könüllülər cəlb oolunur. “Ruzigar” düşərgəsi bir müddət sonra Türk dünyasında əfsanəyə çevrilir, haqqında kitablar yazılır.

Xocalı soyqırımının ildönümündə Ermənistan ərazisinə girən və düşməndən layiqli qisas alan Atilla Kaya və Hamit İltaşın əməliyyatına məhz Həsənov rəhbərlik edib.

1994-cü iildən 13 illik məcburi mühacir həyatı yaşayan Novruz əmi prezident İlham Əliyevin müdaxiləsi ilə Türkiyədən Azərbaycana qayıdır. O, 2018-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər