featured-image-22693

“Turan Tovuz” klubunun baş sponsoru “Huner Group” şirkəti ilə imzalama mərasimi keçirilib. Msport.az xəbər verir ki, tədbirdə çıxış edən Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Rəşid Məhərrəmov komandanın tarixindən, hazırkı vəziyyəti barədə məlumat verib.

O, hazırda klubun akademiyasında 250 nəfərin futbolla məşğul olduğunu xatırladıb. İdarə Heyətinin sədri “Turan Tovuz”un 9 ildən sonra Azərbaycan Premyer Liqasına qayıtdığını vurğulayıb. O, Tovuz klubunun əvvəlki əzəmətini bərpa edəcəyini və yenidən avrokuboklarda iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

“Turan”ın ilk rəhbəri Vidadi Əhmədov çıxışında “Turan”ın ölkəmizi Azərbaycan komandaları arasında ilk dəfə Avropada təmsil etdiyini deyib. “Fənərbaxça” ilə oyunlarla bağlı xatirələrini bölüşüb. O, yeni sponsora gələcək fəaliyyətində uğurlar arzu edib.

FİF-in icraçı direktoru Tural Piriyev futbolun bölgə üçün böyük sosial iqtisadi faydaları olduğunu deyib. O, Tovuz rayon İcra Hakimiyyətinin bu danışıqlarda rolu olduğunu qeyd edib.

“Huner Group”un təsisçisi Ehtiram Quliyev klubda yaxşı şərait yaradıldığını deyib: “Yay ayından FİF-lə danışıqlar aparırdıq. Bir çox suallarımız var idi, ətraflı məlumat verdilər. Klubun ilk yaradıcıları böyük fədakarlıq göstəriblər. 1992-ci ildə döyüşlərin getdiyi çətin vaxtlarda Vidadi Əhmədov “Turan”ın tarixində qızıl hərflərlə adını yazdırıb”.

Daha sonra “Turan Tovuz”un idarə heyətinin sədri Rəşid Məhərrəmovla “Huner Group”un rəhbəri Ehtiram Quliyev arasında sponsorluq müqaviləsi bağlanıb.

Ehtiram Quliyev müqavilənin 4,5 il müddətinə nəzərdə tutulduğunu qeyd edib. O, maliyyə məsələləri ilə bağlı gizlilik olduğunu və rəqəmləri açıqlamaq istəmədiyini deyib.

Rəşid Məhərrəmov bu günkü oyundan etibarən ‘Turan Tovuz” klubunun formasında “Huner Group”un adının yer alacağını bildirib.
Ehtiram Quliyev əsas məqsədlərinin peşəkar idarəçilik sisteminin yaradılması olduğunu vurğulayıb: “İdarə heyətində 2 üzvümüz olacaq”.

Tural Piriyev yaydan bu yana danışıqların getdiyini xatırladıb: “Kəpəz”lə də bağlı işlərimiz davam edir. Sponsor müqaviləsi bağlamaq üçün 8-9 ay qısa müddətdir. Ümid edirəm ki, bu müqavilənin bağlanması gəncəli iş adamları üçün də stimul rolunu oynayacaq”.

Piriyev “Turan 100 k” layihəsinin davam edəcəyini qeyd edib: “Bununla bağlı alternativ variantlarımız var. Mövsümün sonuna kimi amma davam edəcək”.

Ehtiram Quluyev idman nailiyyəti üçün futbola gəlmədiklərini deyib: “Komanda sonuncu yeri tutub birinci divizion düşsə belə, bizim müqaviləmiz davam edəcək. Burdan şirkətlərə də müraciət edirəm. Digər sahibkarlara da qısa müddətdən sonra maraq yaranacağına ümid edirəm”.

“Huner Group”un rəhbəri ən qısa vaxt ərzində tablo və işıqlandırma sistemi ilə bağlı işlər görəcəklərini söyləyib: “Yaxın vaxtlarda bunu həll etməyə çalışacağıq. Bu, mənim də diqqətimi cəlb etdi. Düzdür başqa çatışmazlıqlar da var. Amma ilk imkandaca tablo və projektor problemini həll etməyə cəhd edəcəyik”.

Ehtiram Quliyev bu klubu seçmələrində komandanın adının “Turan” olmasını qeyd edib: “Turan” elə bir addır ki, bu komandaya kömək etməmək mümkün deyil”.

media-9462c003-b503-4d50-95b9-e400291af30c

media-21368355-b5c5-43e3-9ba8-3e7bcdc7d052media-855eebcb-db61-4779-9ef5-789d8c8bea64 media-da6e1b99-a7c8-4c57-8e37-0b58615c4a86

Bənzər xəbərlər