"Üç yeni transfer gözlənilir" - Samir Abasov
“Sumqayıt” Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Samir Abasov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Səfər oyununun gərgin keçəcəyini bilirdik. Burada meydançaya adaptasiya olunmaq çətindi. Qəbələdə olarkən həmişə nəfəs çatışmazlığı, boğulma olur. Təzə gələn futbolçulara bunu aşılamağa çalışdıq. Hesab başqa cür də ola bilərdi. Fasilədən sonra çox fədakarlıq göstərməli olduq. Bura adaptasiya olmaq çətindi. Erkən qolun mənfi tərəfi də odu ki, rəqib konsentrasiyanı artırır və ayılır. Çox çətin oldu. Futbolçularımı təbrik edirəm. Ötən mövsüm xeyli mənfi seriyamız olub. Bu dəfə yaxşı başlamışıq. Xoşdu ki, burdan yaxşı əhvalda qayıdırıq.
– “Sabah”la oyunun təxirə salınması ritmi pozmadı?
– Ritmi pozmadı. Rəqibimizn çətin səfər oyununda bunu etmək vacib addım idi. Biz də buna razılaşdıq. MOİK-lə oynadıq. “Sabah”ın belə vəziyyətindən istifadə etməyi doğru saymadıq.
– Müdafiədə sanki çaşqınlıq yaranırdı. Səbəb nə idi?
– Əksinə, müdafiəçilərdən çox razı qaldım. Mən onları ön plana çıxarardım. Siz dediyiniz çaşqınlıq var idi. Bütün yük onların üzərinə düşdü. Amma dayaq yarımmüdafiədə problemlər var idi. Hücuma meyilli oyunçularımız də araları çox boş saxlayırdılar. Biz daha çox ön xəttə səhvlərin üzərində çalışmalıyıq.
– İlk hissədən sonra sanki arxayınlıq yarandı. Bu rəqibin təzyiqindən irəli gəlirdi?
– Rəqibin təzyiqi artdı. Belədə, boşluqlar üzə çıxır. Komandamız bu cür təzyiqə hazır deyildi. Buraxdığımız qoldan sonra təzyiq bir az da artdı. Futbolçularımızın əksəriyyəti 45 dəqiqəyə oynamağa hazırdı.
– Yeni transferlər olacaq?
– Üç nəfər gözlənilir. Bir müdafiəçi və iki vingerlə danışıqlar gedir.