featured-image-14937

“Keşlə” dönüb “Şamaxı” olanda sevindik ki, əyaləti daha bir klub təmsil edəcək, həm də əvvəlki rəhbərliyin dövründə buraxılan səhvlər təkrarlanmayacaq.  Amma nə biləydik ki, əvvəlki dövrə şükr etməli olacağıq…

Ötən tur “Zirə” ilə oyuna Rövşən Şahmuradov formasının arxasında adı soyadı yazılmadan meydana çıxmışdı və buna görə klub AFFA İntizam Komitəsi tərəfindən 3 min manat cərimə olundu. Maraqlıdır ki, həmin qərarın açıqlandığı gün – yəni dünən “Şamaxı”nın növbəti görüşü idi. Öz meydanında “Qəbələ”yə qarşı. İş elə gətirdi ki, matçın 33-cü dəqiqəsində Qurban Səfərov əvəzləndi və yenidən Rövşən Şahmuradov meydana daxil oldu. Nə görsək, yaxşıdır? Şahmuradovun yenə də adı, soyadı formanın arxasında yazılmayıb. Məntiqlə AFFA İntizam Komitəsi yenidən “Şamaxı”nı 3 min manat cərimə etməlidir. 6 min isə komandanın ən yaxşı futbolçusunun aylıq maaşıdır.

Formanı aparıb arxasına ad, soyad yazdırmaq təxminən 40-45 dəqiqəlik işdir. Yəni bunu eləmək beləmi çətindir? Axı “Şamaxı”da futbolu kifayət qədər yaxşı bilən kadrlar var. İllərini bu sahədə keçirmiş Kamran İsmayılov, klubun İdarə Heyətinin sədri Elçin Usub. O, da vaxtı ilə AFFA-da işləyib, özü də hüquq şöbəsində. Bütün bunlardan da xəbəri var, ən azı futbola dünən gələn naşı adam deyil.  Belə görünür ki, işin içində böyük məsuliyyətsizlik var. Sanki klubun idarə etməsi həvəskar səviyyədədir. Hardadır idman jurnalistlərini ittiham edən “Şamaxı”nın İdarə Heyətinin üzvü Orxan Fikrətoğlu? Niyə ağzına su alıb sakit oturub özü üçün. Çıxıb bir açıqlama versin ki, “Şamaxı” niyə belə biabır olur və bu cür dəxlisiz cərimələrə görə kim cavab verəcək?

“Şamaxı” ilə bağlı diqqəti cəlb edən maraqlı məqamlardan biri də heyətdə legionerlərin olmamasıdır. Düzdür, yerli futbolçular əllərindən gələni edirlər, dünən də sona qədər döyüşüb “Qəbələ”dən xal ala bildilər. Amma haraya qədər? Bütün klublara bu il 3 milyon manat pul ayrılıb. Necə olur ki, “Kəpəz”, “Turan Tovuz” kimi yenidən elitaya qayıtmış komandalar heyətlərinə əcnəbi cəlb edirlər, “Şamaxı” yox? Bəs hara gedir o 3 milyon manat? Komandada ən çox əməkhaqqı alan futbolçuların aylıq maaşı 5-6 min manat civarındadır. Heyətdə isə cəmi 2-3 belə oyunçu var. Digərlərinin maaşı çox aşağıdır. Gəl, indi ağlına min cür fikir gəlməsin.

Bu yazını hazırlayarkən Elçin Usubun vəzifəsini klubun saytına baxaraq dəqiqləşdirmək istədim. Məlum oldu ki, sayt da hələ işləmir. Özünə “Ulduzlara yaxın olaq” sloqanı götürmüş “Şamaxı” hələ ki ulduzlara yox, həvəskarlara yaxındır.

AYXAN 

Bənzər xəbərlər