featured-image-48820

“Qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdü. Düzdür, ondan da nisbətən zəif yığmalar var idi”.

Msport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov “Avro-2026″nın əsas mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis Xorvatiya ilə ilk dəfə qarşılaşmayacaqlarını bildirib: “İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl Xorvatiyada qarşılaşmışıq və yenilmişik. Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdir. İsveçə gəldikdə, onların futzalı son illərdə inkişafdadır, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək”.

V. Borisovun sözlərinə görə, hər şey milli komandamızın hazırlığından asılı olacaq: “Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güclü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq. İspaniya, Portuqaliya, Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılamağı heç istəmirdim. Bu baxımdan bəxtimiz gətirdi. Ümumiyyətlə, bu gün istənilən komanda digərinə müqavimət göstərməyi bacarır. Çünki təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidir. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadır. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güclü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdır”.

Qeyd edək ki, Azərbaycan millisi əsas mərhələdə İsveç, Yunanıstan və Xorvatiya yığmaları ilə birlikdə V qrupda mübarizə aparacaq. Avropa çempionatının final mərhələsi isə 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Latviya və Litvada təşkil olunacaq.

Bənzər xəbərlər