featured-image-16991

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərlinin Msport.az saytına müsahibəsi

– Son turda “Şamaxı”ya uduzdunuz. Açığı, bir az gözlənilməz oldu. Oyunla bağlı nə deyə bilərsiniz?
– Əslində “Neftçi” ilə oyundan sonra hər kəs qələbə gözləyirdi. İnam gəlmişdi. Həftə ərzində sırf qələbəyə köklənib oyuna hazırlaşmışdıq. Meydana 3 xal üçün çıxsaq da, alınmadı.

– “Sumqayıt”da nə baş verir? Komanda niyə özünə gələ bilmir?
– Vallah, bu sualın cavabını özüm də bilmirəm. Ona görə də cavab vermək çətindir.

– Əvvəlki baş məşqçiniz Aleksey Baqanın bu uğursuzluqda payı nə qədərdir?
– Baqa tanıdığım ən yaxşı məşqçilərdən biri idi. Çox yaxşı insandır. “Sumqayıt”dan əvvəl qazandığı nəticələri hər kəs bilir. Bizdə uğursuz olsa belə, hər şeyi baş məşqçinin üstünə atmaq düzgün deyil. Bunda hər kəsin səhvi var.

– Samir Abasovla Baqanı necə müqayisə edərdiniz?
– İki mütəxəssisi müqayisə etmək mənim işim deyil. Mənim işim futbol oynamaqdır.

– Abasovun gələndən sonra komandada ilk növbədə nəyi dəyişdi?
– Hər kəs gördü ki, Samir müəllimin gəlişindən sonra oyun üslubumuz dəyişdi. Artıq komanda daha sürətli oynayır və qol vurmaq istəyir. Hamısı gözlə görünən dəyişikliklərdir. Ən böyük problemimiz qələbə qazana bilməməkdir.

– Belə bir fikir var ki, “Sumqayıt”ın legionerləri ümidləri doğrultmur. Bununla razısınız?
– Legionerlərimizin hər biri istər insan, istərsə də oyunçu kimi mənim üçün dəyərlidir. Sadəcə, nəticə olmayanda bütün futbolçular kənardan zəif görünür. Amma ayrı-seçkiliyə gərək yoxdur. Xarici və ya yerli, fərqi yoxdur, uduzanda hamımız uduzuruq. Uğursuzluğun səbəbini günahkar axtarmaqla deyil, düzgün araşdırma ilə tapmalıyıq.

– “Şamaxı” ilə matçda fərqləndikdən sonra qolu “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu kimi qeyd etdiniz…
– Bəli (gülür). Hətta sosial şəbəkələrdə belə, bu hərəkətim çox paylaşıldı. Gələcək oyunlarda qol vursam, yenə eyni şeyi təkrarlayacağam. Hətta söz vermişəm ki, Ronaldunun 2 hərəkətini birləşdirib sevinəcəyəm (gülür).

– Artıq ölkə xaricində oynamaq təcrübəniz var. Təklif gəlsə, yenə gedərsiniz?
– Əlbəttə. “Sumqayıt”la müqaviləmdə belə bir bənd var ki, ölkə xaricindən təklif gəlsə, sərbəst şəkildə ayrıla bilərəm. İnşallah, 15-20 günə kluba mənimlə bağlı rəsmi təklif gələcək.

– Klubun adını deyə bilərsiniz?
– Xeyr. Sadəcə onu deyim ki, təklif Türkiyə, Kipr və Şimali Makedoniyadan ola bilər.

– Niyə legioner həyatınız qısa çəkdi?
– Niyəsini desəm, bəlkə də bəhanə kimi qəbul edilər. Özümdə də səhv oldu. “Keçiörengücü”dən təklif gələndə Türkiyədə idim. Bu dəvət məni aldatdı, tələsik qərar verdim. Xeyirlisi, əsas odur, mənim üçün yaxşı təcrübə oldu. İnanıram ki, hər şey daha yaxşı olacaq.

– Noyabrın 20-də Qətərdə dünya çempionatı start götürəcək. Maraqlıdır, hansı yığmaya azarkeşlik edəcəksiniz?
– Təbii ki, Portuqaliyaya. Dünyanın ən güclü oyunçusu, kumirim Kriştianu Ronaldu bu komandanın şərəfini qoruyur. Buna görə də onların çempion olmağını istəyirəm.

Bənzər xəbərlər