Yunis Hüseynov "Neftçi" haqqında: "Gətirdikləri oyunçular göz qabağındadır"
“Xəzər Lənkəran”, “Kəpəz” və “Keşlə” (indiki “Şamaxı”) komandalarının sabiq baş məşqçisi Yunis Hüseynovun Msport.az saytına müsahibəsi
– Bilirəm ki, Premyer Liqanı yaxından izləyirsiniz. Yuxarı sıralarda demək olar ki, bütün suallara aydınlıq gəlib. Hazırda əsas mübarizə aşağı pillələrdə elitada qalmaq uğrunda gedir. Sizcə, yüksək dəstəni hansı komanda tərk edəcək?
– Əslində heç bir klubun aşağı liqaya düşməsini istəməzdim. Əksinə, Premyer Liqada komanda sayı artırılsa, daha yaxşı olar. Amma “Şamaxı”nın elitanı tərk edəcəyini çoxdan demişdim. Yenə deyirəm, diviziona düşməyini istəmirəm, çünki gənclərdən yığılmış yaxşı mübarizə aparan komandadır. Güclü komandalara inamlı müqavmət göstərirlər. Lakin görünən odur ki, təcrübə baxımından geri qalırlar. Legionerləri də yoxdur.
– Premyer Liqada komanda sayının 12-yə çatdırıla biləcəyi ilə bağlı xəbərlər dolaşır. Sizcə, bu, nə dərəcədə inandırıcıdır?
– Mən də bunu saytlardan oxuyuram. Artırılsa, əla olardı. Bölgələrdə futbol olanda azarkeş sayı da çox olur və məsuliyyət birə beş artır. Amma açığı, buna inanmıram. Fikrimcə, klub sayı elə 10 olaraq da qalacaq.
– Ötən tur “Neftçi” gözlənilmədən səfərdə “Turan Tovuz”a 0:4 hesabı ilə uduzdu. Bu qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
– “Neftçi” həmin matçda çox biabırçı oyun göstərdi. Meydan sahibləri isə layiqli qələbə qazandı. Azarkeşləri də möhtəşəm idi. Bilirsiniz, “Neftçi”nin mövsümü 3-cü pillədə tamamlayacağı dəqiqləşib. Mənə elə gəlir ki, futbolçular bu matça məsuliyyətsiz yanaşdılar. Meydanda “ağ-qaralar”a yaraşan oyun görmədim. Bilmirəm, “Neftçi”yə legioneri hansı kriteriyalarla gətirirlər. Futbolçular hansı komandaya gəldiklərini dərk etməlidirlər. Dünənki görüşdə bu məsuliyyəti heç bir oyunçuda görmədim. Futbolçular meydanda nə etdiklərini bilmirdilər. Kim nə istəyirdisə, onu da edirdi. Yəqin ki, rəhbərlik həm məşqçilər heyəti, həm də futbolçularla bağlı tədbir görər.
– “Neftçi” azarkeşləri baş məşqçi Laurentsiu Regekampfın göndərilməsini tələb edir. Necə düşünürsünüz, kubok qazanılsa belə, rumıniyalı mütəxəssislə yollar ayrılmalıdırmı?
– Bilirsiniz ki, titul həm ölkə çempionluğu, həm də kubokdur. İstərdim ki, kuboku elə “Neftçi” götürsün. Ömrümüz bu komandada keçib. Adətən baş məşqçilər haqqında çox fikir bildirmirəm. Amma “Turan Tovuz”la oyun göstərdi ki, Regekampf nəticələrə çox da önəm vermir. Sanki “Alınarsa, alınar, alınmazsa, alınmaz” prinsipi ilə hərəkət edir. “Neftçi” tamam fərqli yerdir. Ora gələn məsuliyyəti dərk etməlidir. 3-cü pillə “Neftçi”yə yaraşan yer deyil. Komanda çempionluq uğrunda mübarizə aparmalıdır. Amma son vaxtlar finişə 7-8 tur qalmış hamı bilir ki, “Neftçi” çempion olmayacaq. Belə şeyləri komandaya yaraşdırmıram.
– Uğursuzluqda klub rəhbərliyinin rolu nə qədərdir?
– Klub rəhbərliyi əvvəldən strategiya qurur, yeni baş məşqçi, futbolçular seçir. Amma “Neftçi”də bu seçimin necə getdiyini bilmirəm. Gətirdikləri oyunçular göz qabağındadır. Komandaya kömək etmədilər. Yaxşı legionerlər alınsaydı, çempionluq uğrunda mübarizə aparardılar. Deməli, yaxşı deyillər ki, komanda 3-cü yeri tutur. Kubokda isə güc-bəla ilə finala çıxdılar. Rəhbərlik işi düz qurmalıdır ki, çempionatda əziyyət çəkməsinlər. Həddindən artıq diqqətli olmaq lazımdır. Bu yaxınlarda oxudum, “Neftçi”nin əsas komandasında yerli mütəxəssis yoxdur. Məsələn, Regekampf hər hansı azərbaycanlı futbolçu ilə maraqlananda bunu həmyerlilərindən soruşur? Əcnəbilər bizim oyunçuların potensialını hardan bilirlər? Belə olmaz axı! “Neftçi”ni sevmək, möhtəşəm azarkeşlərə hörmət etmək lazımdır. Bildiyim qədərilə, “Turan Tovuz”la oyunda “Neftçi” azarkeşlərini stadiona buraxmayıblar. Yaxşı ki də arenaya daxil olmayıblar. Belə oyuna baxmaqdansa, baxmamaq yaxşıdır.
– Ramin Musayev mətbuata müsahibəsində “Neftçi”ni tənqid edib. PFL-in sabiq prezidenti bildirib ki, orada neçə rəhbər var və klubu hərə bir tərəfə dartır…
– Ramin Musayev “Neftçi”də işləyib və yəqin, bunları məndən qat-qat yaxşı bilir. Nəyisə bilir ki, belə deyir.
– Premyer Liqada 4-cü yer uğrunda “Qəbələ” və “Zirə” arasında amansız mübarizə gedir. Sizcə, hansı komanda daha layiqdir?
– Hər ikisinin gücü eynidir. “Zirə” Konfrans Liqasına düşmək istəyirsə, güclənməlidir. Qarşıda 3 tur var. Nəyin necə olacağını bilmək olmaz. “Qəbələ” kubokda finala çıxdığı üçün şansı bir qədər çoxdur. Hər ikisi avrokuboklarda oynamağa layiqdir.
– Son turlarda hakimliklə bağlı qalmaqallar səngimir. Bu barədə nə deyə bilərsiniz?
– VAR sistemi çıxandan sonra futbolçular qola iki dəfə sevinir. Ona görə də xoşum gəlmir. Futbolçu qolu vurub sevinir, sonra əlini belinə qoyub VAR-ın qərarını gözləyir. Təsdiqləndikdən sonra bir də sevinir (gülür). İdarəçiliyə gəlincə, sərt oyunlara imkan vermək lazımdır. VAR futbolun sürətini azaldır. 90 dəqiqəlik oyun 100 dəqiqə oynanılır. Belə futbol olmur. Hakim də insandır, səhv edə bilər.
CAHİD