Yuri Qura: "Zirə" səviyyəli komandadır"
“Rəqibimiz səviyyəli komandadır”.
Msport.az xəbər verir ki, bunu “Şerif” komandasının baş məşqçisi Yuri Qura Moldovada “Zirə”yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis qarşılaşmanın onlar üçün ciddi sınaq olduğunu söyləyib: “Psixoloji cəhətdən hazır olmaq lazımdır. Sabah meydanda əlimizdən gələni edəcəyik. Bu, baş məşqçi kimi ilk avrokubok matçıdır. Bu səbəbdən müsbət nəticəyə ümid edirəm. Həyəcan var. Amma istəyimiz böyükdür. Meydanda bacarığımızı göstərməliyik”.
Qeyd edək ki, “Şerif” və “Zirə” arasında ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena”da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.