"Zamiq Əliyevlə söhbətimiz olacaq" - Tərlan Əhmədov
Azərbaycan Premyer Liqasının 10-cu turunun “Kəpəz” – “Neftçi” oyunundan sonra (0:2) meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov fikirlərini açıqlayıb
Msport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı CBC Sport”un canlı efirində qırmızı vərəqə alan Zamiq Əliyevlə bağlı məsələyə münasibətini bildirib:
“Gəncəyə böyük futbolun qayıtması münasibəti ilə hər kəsi təbrik edirəm. Gəncədə futbolun böyük ənənələri var. Bu gün maraqlı oyunun şahidi olduq. Əsl derbiyə xas olan qarşılaşma idi. Meydanda mübarizə, gərginlik, qırmızı vərəqə var idi. Oyun və fiziki hazırlıq baxımından rəqibdən geri qalmadıq. Azlıqda qalsaq da, komanda mübarizə apardı. Meydanın rəqibə aid hissəsində təzyiq göstərməyə çalışdıq. Bu gün baxımlı oyun nümayiş etdirdik. “Neftçi”yə qarşı bu gün keçirdiyimiz oyun bizə qarşıdakı matçlara daha nikbin baxmağa ümid verir”.
“Kəpəz”in baş məşqçisi Zamiq Əliyevə qırmızı vərəqə göstərilməsinin doğru olduğunu bildirib:
“Qırmızı vərəqə qərarı düzgün idi. Bu cür oyunlarda qırmızı vərəqələr bəzən qaçılmaz olur. İndi isti başla bunu müzakirə etmək də doğru olmaz. Futbolçular meydanda soyuqqanlı davranmalıdırlar. Zamiq də gəncdir, istəkli idi. Hər oyun motivasiyası yüksək olur. Lakin onunla da söhbətimiz olacaq. Təzyiq etdiyimiz, baxımlı oyun göstərdiyimiz vaxtda bu cür qırmızı vərəqə alıb komandanı pis vəziyyətdə qoymaq doğru deyil. Onunla bu barədə danışacağıq. Hakimlərə hər zaman kənardan təzyiqlər olur. Hakim də insandır. Lakin bu qərarı doğru idi.”