featured-image-30621

“Şamaxı”nın Azərbaycan Premyer Liqasında sonuncu olması rəsmiləşdi. Amma hələ də əminliklə demək olmur ki, bu komanda gələn mövsüm yüksək liqada olacaq, ya yox. Çempionatın reqlementinə əsasən “şirlər” elitanı tərk etməlidirlər. Ancaq kuluarlarda klubların sayının 12-yə artırıla biləcəyi ilə bağlı söz-söhbətlər gəzir. Təbii ki, son qərarı AFFA İcraiyyə Komitəsi verəcək.

Digər tərəfdən I divizionun qalibi “Araz Naxçıvan”ın da  Premyer Liqada olacağını əminliklə söyləmək mümkün deyil. Düzdür, bu günlərdə “Araz Naxçıvan” və “Zaqatala”ya Premyer Liqada iştirak üçün lisenziya verildi. Lakin hər kəsə aydındır ki. bu lisenziya hələ komandaların güclülər dəstəsində olacağı anlamına gəlmir.

Deyilənə görə, “Zaqatala”ya lisenziyanın verilməsi təsadüfi deyil. Əgər Naxçıvan təmsilçisi ilə bağlı hər hansı problem yaranarsa, onları Musa Qurbanovun prezidenti olduğu klub əvəzləyəcək.

Bu həftə AFFA-nın oyun alqı-satqısına görə cəzalandırdığı futbolçular arasında “Araz Naxçıvan”ın qapıçısı Fərman Bayramov da oldu. Baş məşqçi Azər Bağırov Bayramovun əvvəlki kluda çıxış edərkən bu əməlləri törətdiyini bildirdi. Buna rəğmən, Bayramov komandadan uzaqlaşdırıldı. Bu neqativ fakt “Araz Naxçıvan”ın Premyer Liqaya gəlişinə mane ola bilər.

“Zaqatala”ya elitada iştiraka icazə verilsə, baş məşqçi postuna gətiriləcək şəxs də məlumdur. Msport.az-ın əldə etdiyi məlumata görə, hazırda “Zirə”nin Akademiyasına başçılıq edən Zaur Həşimov “Zaqatala”nın sükanı arxasına keçəcək. Təbii ki, komanda yüksək liqaya çıxarsa. 41 yaşlı mütəxəssis vaxtilə Azərbaycanın U-18 yığmasına və “Zirə”nin əsas komandasına rəhbərlik edib.

AYXAN

Bənzər xəbərlər