"Zirə"nin hücumçusu: "Hər dəfə hansısa kiçik səhv bizi öldürür"
“Zirə”nin fransalı hücumçusu Hamidu Keytanın Msport.az saytına müsahibəsi
– “Qəbələ” ilə 2:2 hesablı heç-heçə etdiyiniz oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı…
– Düşünürəm ki, biz daha yaxşı oynadığınız matçda qələbə qazanmağa layiq idik. Mənim də yaxşı fürsətlərim oldu. Bəzi səhvləri düzəltmək məcburiyyətindəyik. Ümid edirəm ki, gələn oyun hər şey daha yaxşı olacaq.
– “Zirə” iki oyundur qələbə qazana bilmir. Sizcə, səbəb nədir?
– “Neftçi” ilə oyunda məğlubiyyətə layiq deyildik. Yenə kiçik səhvdən uduzduq. Düşünürəm ki, bunu aradan qaldırsaq, çox güclü komanda ola bilərik. Çünki topla yaxşı oynayırıq. Turnir cədvəlindəki mövqeyimiz pis deyil, hər şey yaxşıdır. Sadəcə, hər dəfə hansısa kiçik səhv bizi öldürür.
– Penalti epizodu haqqında nə deyə bilərsiniz? Rəhim Sadıxov yenə penaltini boşa verdi?
– Həqiqətən bunu mən də başa düşmürəm. Penalti zərbələri zamanı bəxtimizin niyə gətirmədiyini bilmirəm. Bu dəfə də eyni şey oldu. Ümid edirəm ki, bu vəziyyət qısa zamanda dəyişəcək.
– Maraqlıdır, niyə 11 metrlik nöqtəyə siz yaxınlaşmadınız?
– Bilmirəm. Sadəcə, bəxtimiz gətirmir. İnanıram ki, növbəti dəfə top qapıya daxil olacaq.
– Komandanın ən yaxşı oyunçularından birisiniz. Başqa klublardan təklifiniz varmı?
– Hazırda başqa klublar haqqında düşünmürəm. Mövsümün son oyununa kimi tamamilə “Zirə”yə və qarşıya qoyulan hədəfə köklənmişəm. Qarşıda çox vacib oyunlar var. Bütün diqqətimizi cəmləməliyik.
– “Zirə” hazırda dördüncü yerdədir. Bu mövqeyi saxlamaq çətin olmayacaq?
– Dördüncü pillədə qalmağın çətin olacağını düşünmürəm, maksimum konsentrasiya və əzmlə çalışsaq, istəyimizə nail olarıq. Hər şey özümüzdən asılıdır.
CAHİD