featured-image-19319

“Zirə”nin futbolçusu Loris Bronyonun Msport.az saytına müsahibəsi

– Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Neftçi”ni minimal hesabla məğlub etsəniz də, bu üstünlüyü cavab görüşündə qoruya bilmədiniz və nəticədə mübarizəni dayandırdınız. Məğlubiyyətə nə səbəb oldu?
– Cavab qarşılaşmasında 2 top fərqi ilə geri düşdükdən sonra işimiz çətinləşdi. Buna baxmayaraq, mübarizəni davam etdirdik və fasilədə planı dəyişərək, daha hücumameylli oynamağa başladıq. “Neftçi”yə qarşı yaxşı çıxış etsək də, bu, uğur qazanmaq üçün yetərli olmadı.

– “Zirə” məhz sizin qolunuzdan sonra matçı əlavə vaxta aparmağa nail oldu. Həmin qolla bağlı nə deyə bilərsiniz? Fərqlənəcəyinizi gözləyirdiniz?
– Hamı mənə qol vurmadığımı deyirdi. Amma mən məşqdə çox çalışıram. Matçdan öncə komanda yoldaşlarıma dedim ki, qol vuracağam. Üzərimdə heç bir təzyiq yox idi. Qol epizodunda Hamdaui ilə bir-birimizi çox yaxşı başa düşdük. Əla ötürmə aldım və mənə sadəcə topa toxunmaq qaldı. Əlverişli mövqedə olduğum üçün fərqlənmək çətin olmadı. Bu qol komandaya daha çox inanmaq üçün müsbət enerji verdi.

– Sizdən fərqli, Hamidu Keyta ələ düşən fürsəti boşa verdi və əlavə vaxtda penaltini yerinə yetirə bilmədi.
– Biz komandayıq və heç kəsi günahlandıra bilmərik. Birlikdə qalib gəlir və birlikdə uduzuruq.

– Bu məğlubiyyət komandaya sonrakı oyunlarda necə təsir edəcək?
– Biz inanmağa və işləməyə davam etməliyik. Mövsüm hələ bitməyib, çempionatda mübarizə davam edir. Hədəflərimizə çatmaq üçün hər şeyimizi verməliyik.

– İlin son oyununda Premyer Liqada “Kəpəz”i qəbul edəcəksiniz. Matçla bağlı nə düşünürsünüz?
– Bizi yenə çətin rəqib gözləyir. Müdafiədə çox kompakt oynayırlar. Çətin qarşılaşma olacaq. Amma bizim topu özümüzdə saxlamaq keyfiyyətimiz var və qol vurmağı bacarırıq. Bu üstünlüyümüzdən istifadə edəcəyik.

– “Zirə” ilə müqaviləniz cari mövsümün sonunda başa çatacaq. Gələcəyinizlə bağlı qərar vermisiniz?
– Bəli, müqaviləm gələn il mayın 30-da başa çatır. Amma bu gün “Zirə”nin futbolçusuyam və bütün diqqətim hazırkı klubuma yönəlib.

Bənzər xəbərlər