300 min məsələsindən sonra AFFA-da gəlhagəldir - Hamı divizionda oynamaq istəyir
AFFA İcraiyyə Komitəsinin gələn mövsümdən I divizionda edəcəyi dəyişikliklərə bağlı əməll-başlı canlanma yaranıb. Yeni çempionatdan etibarən əvəzedicilərin yarışı ayrı keçiriləcək. I dəstədə olan 6 kluba isə Region Liqasından daha 4 komanda cəlb olunacaq. Divizion klublarına illik 300 min manatın verilməsi nəzərdə tutulub.
Msport.az-ın əldə etdiyi məlumata görə, bu qərardan sonra AFFA-da hər gün gəlhagəldir. Region Liqasında çıxış edən demək olar əksər komandalar Divizinda mübarizə aparmaq istəklərini ifadə edirlər. Bu səbbədən də hər gün federasiyanın önündə bir klubun nümayəndəsinə rast gəlmək mümkündür. Təbii ki, çoxunu da çəkib gətirən 300 min manat məsələsidir.
Region Liqasının Şimal zonasının B qrupunda yarışan “İrəvan” komandası da gələn çempionatdan I dəstədə çıxış etmək istəyir. Qeyd edək ki, komandanın prezidenti və baş məşqçisi Zahid Niyazəliyevdir. İnsafən, vurğulayaq ki, “İrəvan” hələ AFFA İK-nin qərarından öncə də I divizionda oynamaq arzusunu dilə gətirmişdi.
“İrəvan” 11 oyundan sonra 12 xalla Şimal Zonasının B qrupunda 7 komanda arasında 5-ci yeri tutur.
AYXAN