8 milyonluq komanda budur?
Heyətini xeyli gücləndirən, büdcəsi ötən mövsümlə müqayisədə üç dəfə artan “Səbail” nəhayət ki, ilk xalını 3-cü turda qazandı. Amma “dənizçilər”in rəhbərliyi, məşqçilər korpusu bu heç-heçəyə sevinəcəkmi? Sevinmək o yana qalsın, inanmıram ki, bu gecə Mahmud Qurbanovun gözünə yuxu getsin.
Əgər bu 1 xal “Neftçi”, “Sabah”, “Qəbələ” kimi komandalarla oyunda əldə edilsəydi, bəlkə də gülümsəmək üçün hər hansı əsas olardı. Amma büdcəsi səndən 4 dəfə (!), bəli, səhv eşitmədiz, dörd dəfə az olan komandanı məğlub edə bilmirsənsə, bunun nəyinə sevinəsən? “Səbail” yeni mövsümə 8 milyon manatlıq büdcə ilə başlayıb. Mahmud Qurbanovun komandasında hazırda 8 əcnəbi futbolçu var. Özü də sıradan, 3-4 minə oynayan futbolçular yox.
Zakpa ilə Kizitonun sorağı hələ Azərbaycana gəlib çıxmamışdan yetişmişdi və güman edirdik ki, onlar Premyer Liqanın ən yaxşı legionerləri sırasında olacaqlar.
23 yaşlı Maksim Çex “Şaxtyor” məktəbi keçib və “Mariupol”un əsas heyət üzvü olub.
Franko Mazurekin də karyerasında “Levski”dən tutmuş AEL (Limassol), “Etnikos”a kimi komandalar olub.
İkinci hissədə meydana daxil olmuş Petro Stasyuk isə bir neçə gün bundan əvvəl “Şaxtyor”un heyətində “Ayaks”a qarşı yoxlama oyununda (1:3) şans əldə edib.
Bir sözlə, “Səbail”in əcnəbiləri kağız üzərində möhtəşəm görünürlər. Amma meydanda biz tam əksini görürük.
Belə çıxır ki, məşqçi işi yoxdur? Düzü, indi “Səbail”in problemi futbolçu seçimindədir, ya məşqçilər korpusunda, bunu demək mənim üçün çətindir. Amma gördüyüm odur ki, meydanda oyun dəsti-xətti, ev tapşırıqları, öncədən hazırlanmış kombinasiyalar yoxdur.
Heyəti ancaq yerli futbolçulardan (onların bəzilərinin düz-əməlli Premyer Liqa təcrübəsi də yoxdur) “Şamaxı” bu gün “Səbail”ə dərs keçdi. Əzmkarlıqdan, döyüşkənlikdən əlavə ortada məşqçi işi də görünürdü.
Oyundan sonra 1 xala sevinən “Şamaxı” olsa da, qələbəyə layiq olan da elə meydan sahibləri idi.
AYXAN