85 illiyə Samir Abasovun hədiyyəsi
Vaxt vardı, Samir Abasov “Neftçi” azarkeşlərinin sevimli personasına çevrilmişdi. Yayda komanda avrokuboklarda çıxış edərkən baş məşqçi hər mətbuat konfransında, hər açıqlamasında rəhbərliyin ünvanına “daş atırdı”. “Transferləri vaxtında edə bilmədik, lazım olan oyunçular alınmadı” ifadələri jurnalistlərin qulağını yara eləmişdi. Həm də Abasov bu fikirləri ilə fanatları rəhbərliyə qarşı qaldırmış olurdu. Təsadüfi deyil ki, yayda “ağ-qaralar”ın əksər azrkeşləri baş məşqçiyə dəstək olur, günahı idarəçilərdə görürdülər. “Neftçi” isə Çempionlar Liqasında mübarizəyə başlasa da, sonda heç Konfrans Liqasında da qrupa düşə bilmədi. O vaxt rəhbərlik məhz azarkeşlərin təzyiqindən qorxaraq Abasovu postunda saxladı. Onun transfer siyasətinin də yrıtmaz olduğunu hər kəs gördü: baş məşqçinin israrla komandasında görmək istədiyi Harramiz Suaresi qışda zorla qovdular. “Sumqayıt”dan hardasa 100 minə alınan Xəyal Nəcəfovun da “Neftçi” səviyyəsində futbolçu olmadığı müəyyənləşdi.
“Ağ-qaralar” avrokuboklardan kənarda qaldıqdan, komanda bütün diqqətini Azərbaycan Premyer Liqasına yönəldəndən sonra azarkeşlər başa düşdülər ki, Samir Abasov barədə yanılıblar. Artıq onun gəlişigözəl sözləri, manşetləri bəzəyən açıqlamaları da işə yaramırdı. Qış fasiləsində heyətə xeyli yeni futbolçu cəlb olunsa da, “Neftçi” yenə istənilən oyunu göstərə bilmirdi. Çempionatın birinci hissəsində əsas bəhanə məhz keyfiyyətli yerli futbolçu azlığı idi. Amma sonradan Eddi İsrafilov, Azr Salahlı kimi oyunçular komandanı göcləndirdi.
Baş məşqçi isə mövsümün axırına kimi eksperimentlərdən əl çəkmirdi. Gah 5, gah 3 müdafiəçi ilə oynayır, bir gün qapıya Kamran İbrahimovu, ertəsi tur Brkiçi qoyur… “Qarabağ” isə xal fərqini artıra-artıra gedir. Əslində “Neftçi” qalib gəldiyi, xal qazandığı oyunlarda da yaxşı təsir bağışlamırdı. “Sabah” 80-85 dəqiqə hücum etdi, “”Neftçi” 10 nəfərlə müdafiə olunaraq qələbə qazandı. Hətta matçdan sonra “Sabah”ın baş məşqçisi Murad Musayev “biz son çempiondan belə oyun gözləmirdik” dedi. “Zirə” ilə “Bakcell Arena”da 1:1-lik heç-heçədən sonra Abasov özü də etiraf edti ki, bu gün meydanda bir komanda var idi – “Zirə”.
“Neftçi”sevərlər çempionluq əldən getdikdən sonra bütün ümidlərini kuboka bağlamışdılar. Mövsümü titulla başa vurmaq baxımından Azərbaycan kubokunu qazanmaq gərəkirdi. Üstəlik, prinsipial rəqib – “Qarabağ” yarımfinalda “Qəbələ”ni bir ayaqla keçdiyindən “ağ-qaralar”ın da həlledici oyuna vəsiqə qazanması şərt idi. Səfərdəki ilk oyunda qolsuz bərabərlik qeydə alındığından “Neftçi”nin “Bakcell Arena”da şansları pis deyildi. Amma Samir Abasov və komandası bizi finalda “Qarabağ” – “Neftçi” kimi futbol tamaşasını izləməkdən məhrum etdi. Paytaxt klubu 85 illik yubleyində titulsuz qaldı. “Neftçi”nin baş məşqçisi isə hələ də gələcəkdən danışır, komandasının ən yaxşı oyunlarından biri keçirdiyini deyir.
Təxminən 8-9 ay öncə “Neftçi” fanatlarının gözündə qəhrəman, klubun prezidenti Kamran Quliyevə qarşı dirəşən adam kimi görünən Abasov indi onların bir nömrəli hədəfinə çevrilib. Artıq azarkeşlər də başa düşüb ki, pafoslu sözlərlə, mediaya mövzu verməklə işləmək olmaz. Bəli, o, ötən mövsüm uzun fasilədən sonra “Neftçi”ni çempion etdi. Lakin futbolda dünənki fəaliyyət dünəndə qalır. Məşqçiyə bugünkü işinə görə qiymət verirlər. Bu gün isə Abasov “ağ-qaralar”ı böyük uğurlara apara biləcək mütəxəssis kimi görünmür.
ELNUR MƏMMƏDLİ