featured-image-18316

“Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Hətta azlıqda qaldıqdan sonra da üstün olan tərəf biz idik”.

Bunu Msport.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Abdulaye Ba Premyer Liqanın XVI turunda evdə “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Xal itkisinin səbəbləri ilə bağlı fikirlərini bölüşən seneqallı müdafiəçi bildirib ki, arxayınlıqdan söhbət gedə bilməz: “Sadəcə, əldə etdiyimiz qol fürsətlərini dəyərləndirə bilmədik. Birindən yararlansaydıq, matçın taleyini vaxtından əvvəl həll edə bilərdik. Əlbəttə, bu matçdan 3 xalla ayrıla bilmədiyimizə görə təəssüf edirəm”.

31 yaşlı futbolçunun sözlərinə görə, onlar yalnız növbəti oyunları barədə düşünürlər: “Oyundan-oyuna artırmağa çalışır, hər matçımıza qələbə üçün çıxırıq. “Sabah”da olan hər kəsin hər gün bir az da yaxşı olmaq, uğur qazanmaq üçün necə əzmlə çalışdığını hiss edirəm. Fikrimcə, düz yoldayıq”.

O, Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Səbail”lə keçirəcəkləri matçlara da toxunub: “Son oyundakı xal itkisindən sonra bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Məncə, “Səbail”lə kubok oyunları öz gücümüzün 200 faizini ortaya qoymalı olduğumuz qarşılaşmalardır”.

Bənzər xəbərlər