featured-image-18145

“Neftçi”nin yeni Müşahidə Şurasının (MŞ) heç sutkası tamam olamamışdı ki, “Qarabağ” “Bakcell Arena”da “ağ-qaralar”ı sözün həqiqi mənasında topla döydü. Kadi 37-ci dəqiqədə hesabı açana qədər Ağdam klubu İvan Brkiçin qapısı qarşısında 5-6 real qol şansı yaratmışdı. Yazıq Brkiçin əlcəyi cırılmayıbsa, böyük şeydir. Düzdür, axırda xorvatiyalı qapıçı da Kadinin 2-ci qolunda kobud səhvə yol verdi, amma buna qədər artıq məsələ həll olunmuşdu.

MŞ-nın yeni sədri Rövşən Nəcəf oyundan sonra nə fikirləşdi, bilmirəm, amma yəqin o, da anlayır ki, qarşısına çempionluq qoyan komanda belə oynamamalıdır. Əslində “Neftçi” əksər görüşlərdə 50-60 dəqiqə normal futbol göstərə bilir. Sadəcə rəqiblər zəif olur deyə, həmin matçlarda qələbə qazana bilirlər. Amma Regekampfın komandasının qarşısına bir az güclü rəqib çıxan kimi aciz duruma düşürlər. Büdcəsi “Neftçi”dən qat-qat geri qalan “Turan” belə bu komandadan xal alıbsa, vəziyyət aydındır.

Bu gedişlə “Neftçi” mövsümü 2-ci yerdə də  bitirə bilməyəcək.  “Sabah” bu tur “Şamaxı”nı məğlub etsə, “Neftçi” ilə aralarındakı xal fərqi 9-a yüksələcək. “Neftçi” yenə tükdən asılı vəziyyətdədir. Əgər komanda Azərbaycan kubokunu qazanmasa, mövsüm fiasko kimi qiymətləndiriləcək.

Bu dəqiqə sosial şəbəkələrdə, azarkeşlər arasında bir məsələ müzakirə olunur: kimdir günahkar? Rəhbərlik, baş məşqçi yoxsa futbolçular?

Məncə, “Neftçi”nin uğursuzluğunda klubla bağlı olan hər kəsin payı var.

Sponsorlar (SOCAR) transferlərə istənilən qədər pul ayırmadı. Deyilənə görə, qış fasiləsində heyətə yeni futbolçuların cəlb olunması üçün büdcə artırılacaq. Amma qışa kimi vəziyyət necə olacaq? “Ağ-qarlar” “Qarabağ” və “Sabah”dan neçə xal geri qalacaq?

Rəhbərlik: Konkret desək, prezident Kamran Quliyev. Quliyev çətinə düşəndə istənilən şəxsi “xərcləyə” bilir. Necə ki, bunu keçmiş idman direktoru Ceyhun Sultanov və sabiq baş məşqçi Samir Abasovda gördük. Abasovun vaxtında transferlərə görə prezidentlə baş məşqçi arasında “soyuq müharibə” gedirdi. Yadınızdadırsa, Quliyev prezident ola-ola Tərlan Əhmədovun baş məşqçi postundan göndərilməsinə sosial şəbəkədə səs vermişdi. Yəqin ki, dünyada ikinci belə nümunəyə rast gəlmək olmaz. İndi də hiss olunur ki, prezidet postunu qorumaq üçün Regekampfı qurban verəcək.

Baş məşqçi: Rumıniyalı məşqçi “Neftçi”ni çempion edə biləcək mütəxəssis deyil. İlk gündən hiss olunurdu ki, ailədə ciddi problemləri olan Regekampf işə köklənməkdə çətinlik çəkir. Milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə o, işinin başında qalmaq əvəzinə Rumıniyaya gedib keçmiş həyat yoldaşı ilə saç yolduya çıxdı. Regekampflı “Neftçi” qalib gəldiyi matçlarda belə parlaq oyun nümayiş etdirmir.

Paytaxt klubunun transferlərini də uğurlu adlandırmaq olmaz. Donyo, Sayef, Caber kimi futbolçulara böyük ümid bəslənilsə də, ortada bir iş yoxdur.

Futbolçular: “Neftçi”ni “Qarabağ” qarşısında sonuncu dəfə belə aciz Füzuli Məmmədovun istefası ilə nəticələnən 0:6 hesablı oyunda görmüşdük. Sanki futbolçular meydanda can qoymaq istəmir, “Qarabağ”ın qələbəsi ilə öncədən barışmışdılar.  Qurban Qurbanovun komandası son 6 oyunda “Neftçi” üzərində qələbə qazanıb. “Ağ-qaralar” son dəfə Ahmedovun fərqləndiyi və çempion olduqları qarşılaşmada “Qarabağ”ı üstələyə bilmişdilər. Bir sözlə, uğursuz çıxışda futbolçuların da “xidmətləri” az deyil.

0:4 hesablı məğlubiyyət SOCAR rəhbərliyinin yuxusunu qaçırmalıdır. Müşahidə Şurasında olan islahatları yaxın vaxtda klubun özündə də görsək, təəccüblənmərik. Hər şey buna doğru gedir.

AYXAN 

 

Bənzər xəbərlər