featured-image-34186

Milli komandamızın və “Yurqorden”in hücumçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının “Lütsern”lə ilk oyunda əldən verdiyi  real qol şansından danışıb.

Msport.az “fotbollskanalen.se”yə istinadən xəbər verir ki, gənc futbolçu əlinə düşən qol imkanını qaçırdığı üçün məyus olduğunu deyib.

“Yurqorden” öz meydanında İsveçrə təmsilçisinə 1:2 hesabı ilə uduzub.

Stokholmdakı qarşılaşmanın ikinci hissəsində əlverişli vəziyyəti qola çevirə bilməyən 21 yaşlı hücumçu bunu sığortalayacağına inanır: “Adətən belə imkanlardan daha yaxşı istifadə edirdim. Növbəti şansı əldə etməyə çalışacağam”.

21 yaşlı forvard nəticənin onları qane etmədiyini söyləyib: “Nəticə yaxşı olmadı. Bu, məyusedicidir. Amma təslim olmayacağıq. Cavab görüşündə vəziyyəti dəyişməyə çalışacağıq”.

Gənc futbolçu hələ ideal formada olmadığını etiraf edib: “Mümkün olan ən yaxşı fiziki formama çatmaq üçün mənə bir az vaxt lazımdır. İsveçdə mövsümün ortasındayıq və buradakı futbolçular artıq 15-dən çox oyun keçiriblər. Sabiq komandamla təlim-məşq toplanışında idim, ancaq yaxşı formaya düşmək üçün bir qədər oyun vaxtı lazımdır. Fiziki durumumu yaxşılaşdırmaq üçün bir neçə görüş kifayət edər. Həm də komandanı daha yaxşı tanımalıyam ki, meydanda qarşılıqlı əlaqə yüksək səviyyədə olsun. Bir neçə qarşılaşmadan sonra hər şey yaxşı olacaq”.

Musa Qurbanlı əlavə edib ki, yeni komandasında və yaşadığı Stokholmda hər şeydən razıdır: “Şəhər, insanlar – bir sözlə, burada hər şey çox gözəldir. Azarkeşlərimiz isə möhtəşəmdirlər. Meydançaya çıxanda güclü atmosferi hiss edirik. Bu, bizi motivasiya edir”.

Qeyd edək ki, “Yurqorden”lə “Lütsern” arasında cavab oyunu avqustun 3-də ikincilərin meydanında keçiriləcək.

Bənzər xəbərlər