featured-image-23628

“1:0 sürüşkən hesab deyil. Çünki Bakıdakı matçda “Qarabağ” rəqibdən çox üstün idi”.

Bunu Msport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

“Qarabağ”ın Belçikada “Gent”ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçındakı şanslarını dəyərləndirən mütəxəssis rəqibin Bakıda “köhlən atlar”a heç bir problem yaratmadığını bildirib: “Yalnız standart vəziyyətlərdən ehtiyat etmək lazımdır. İlk matçda daha çox müdafiədə kompakt şəkildə oynadılar. İkinci hissədə isə “Qarabağ”ın xeyli qol epizodları oldu. Hələ boşa verilən penaltini demirəm”.

Mircavadov “Gent”in ilk dəqiqələrdən təzyiq edəcəyini söyləyib: “Buna dözmək lazımdır. Amma “Qarabağ” təzyiq qarşısında daha yaxşı oynayır. Odur ki, sabahkı görüşdə üstünlüyü Ağdam klubuna verirəm. Komandamız sadəcə, təsadüf nəticəsində qol buraxa bilər”.

Onun sözlərinə görə, standart vəziyyətlər zamanı qapıçının üzərinə çox iş düşəcək: “Luka Quqeşaşvili ilk matçda çox gözəl təsir bağışladı, sakit idi. Hiss olunurdu ki, müdafiəçilər də qolkiperə inanırlar. Bu, çox vacib amildir. Qapıçı məsələsi “Qarabağ”a problem yaratmayacaq. Lukaya oyun praktikası lazım idi. Qurban Qurbanov da “Zirə” ilə matçda ona şans verməklə düzgün addım atdı. “Qarabağ” istənilən halda öz oyununu göstərəcək”.

Mütəxəssis Bakıdakı qarşılaşmada orta xətt oyunçularının, xüsusilə, Julio Romaonun çox əla oynadığını vurğulayıb: “Ddeyərdim ki, “Qarabağ” dayaq yarımmüdafiəçisi mövqeyinə layiqli oyunçu tapıb. Romao öz oyununu daha da inkişaf etdirməlidir. Fikir vermisinizsə, topu nadir hallarda geriyə ötürürdü. Çox vaxt özündə saxlayıb reydlər edirdi. Romao bu keyfiyyətlərə malik nadir futbolçulardan biridir. Onun oyunundan zövq alıram”.

O, zədəli Marko Yankoviçin olmamasının “Qarabağ”a hər hansı təsir göstərəcəyinə inanmır: “Yankoviç təsnifat mərhələlərində yaxşı təsir bağışlasa da, son matçlarda gözə dəymirdi. Amma “Gent”ə qarşı əla oynadı. Komandanın beyni orta xətdir. Onlar düzgün oynayanda digərləri də özlərini yaxşı tərəfdən göstərə biləcəklər. Məncə, Yankoviçi Riçard Almeyda və ya bir başqası əvəzləyə bilər. Alternativ çoxdur. Amma biz kənardan baxırıq, komandanın daxilində deyilik. Ona görə də dəqiq fikir bildirmək çətindir”.

Mircavadov “Qarabağ”ın yeni transferləri – Adama Diakabi, Redon Cica və Yassin Benzianın çıxışını da dəyərləndirib: “Transferləri yayda etmək lazımdır. Amma “Qarabağ” istədiyi oyunçuları 6-7 ay izləyir, ehtiyac yarananda isə alır. Qışda bu futbolçuların gətirilməsi lazım idi. Çünki Kadi Borges və Kvabena Ovusu kimi legionerlər qışda komandanı tərk etdi. Yeni transferlər çox yaxşıdır. Yüngül ayaq, sürətli, istəklidirlər, topla çox yaxşı davranırlar. Onlarda futbol bicliyi də var. Bu, əvvəllər Azərbaycan futbolunun əsas silahı olub. Gentdəki görüşdə bu hərəkətlər lazım olacaq. Məncə, “Qarabağ” öz oyunu ilə tarixi nəticəyə imza atacaq”.

Qeyd edək ki, fevralın 23-də “Gelamko Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

CAHİD

Bənzər xəbərlər