featured-image-31663

“Səbail”in yeni transferi Səlahət Ağayevin Msport.az saytına müsahibəsi

Əvvəlcə paytaxt klubuna keçidinizlə bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– İlk növbədə bu transferin komanda üçün uğurlu olmasını arzulayıram. Şahin Diniyevin gəlişindən sonra istər oyun, istərsə də nəticə baxımından burada irəliləyiş oldu. Mən də artıq “Səbail”in bir üzvü kimi komandanın uğur qazanmasına çalışacağam. Məqsədimiz yaxşı nəticələr qazanmaq və iddialı bir komanda olmaqdır. İnşallah, buna nail olacağıq.

– “Qəbələ”dən ayrılmağınıza nə səbəb oldu? Sizə yeni müqavilə təklif etmədilər?
– “Qəbələ” ilə yaxşı mövsüm keçirdik. Çətin rəqibləri məğlub edərək kuboku qazandıq. Mövsüm başa çatdıqdan sonra isə bütün təklifləri nəzərdən keçirmək üçün vaxtım oldu. Düşündükdən sonra “Səbail”ə keçməyin daha yaxşı olacağına qərar verdim.

– “Qəbələ”də qalsaydınız, avrokuboklarda oynayacaqdınız…
– Bəli. Ötən mövsüm “Qəbələ”yə keçdiyim zaman da avrokuboklarda mübarizə aparırdılar. Ancaq çox düşündüm ve qərarımı bu yöndə verdim. “Səbail”ə keçidimin uğurlu olacağını düşünürəm. İnşallah, biz də avrokuboklar üçün mübarizə aparan komanda olacağıq.

– Yəqin ki, seçiminizdə maliyyə də önəmli rol oynadı…
– Bütün təklifləri nəzərdən keçirdikdən sonra “Səbail”lə müqavilə bağladım. Burada bir futbolçu üçün lazım olan bütün şərait var. Komanda gələcək vəd edir. İnanıram ki, yaxşı nəticələr qazanacağıq. Bunun üçün mən də əlimdən gələni edəcəm.

– Ötən mövsümün bəzi oyunlarında meydana çıxmadınız. Baş məşqçi ilə aranızda anlaşmazlıq var idi?
– Komandada gənc qapıçı var idi və onun da oyun praktikası yığması lazımıydı. Başqa bir məsələ yoxdur. Elmar müəllimlə də aramızda heç bir problem olmayıb. “Qəbələ” ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Həm Elmar müəllimə, həm də “Qəbələ”yə uğurlar arzulayıram.

– Canni De Byazi sizi millinin hazırkı toplanışına dəvət etmədi. Bu qərarı necə qarşıladınız.
– Baş məşqçinin qərarıdır. Hörmətlə yanaşıram.

– Estoniya ilə oyundan nə gözləyirsiniz?
– Milliyə uğurlar arzulayıram. Ümid edirəm ki, qalib gəlib qrupda ilk xalımızı qazanarlar.

Bənzər xəbərlər