İkardi qayıtmağı arzulayır
Argentinalı hücumçu Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirmək istəyir.
Msport.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə müsahibəsində danışıb.
Hazırda klubsuz olan İkardi ona bir neçə təklifin gəldiyini, lakin özünü tam əmin hiss etmədiyi layihələri qəbul etmək istəmədiyini bildirib.
O, İtaliyaya qayıtmaq arzusunu belə ifadə edib: “İtaliyada həm insan, həm də futbolçu kimi böyümüşəm. Məni həvəsləndirəcək və vacib uğurlar qazanmağa imkan verəcək layihə ilə oraya qayıtmaq istərdim. Keçmişlə bağım var, amma gələcəyə baxmaq lazımdır”.
İkardi sabiq klubu “İnter”ə mümkün dönüş barədə də danışıb: “Yenidən “İnter”ə qayıtmaq xüsusi olardı. Orada mühüm illər keçirmişəm. Həmin forma və kapitan sarğısı ilə özümün bir parçamı formalaşdırmışam. Ayrılığımız ağrılı oldu və bu hekayəni fərqli şəkildə başa vurmaq istərdim. Lakin dönüş yalnız hər iki tərəfin istəyi və ortaq məqsəd olduğu halda məna kəsb edər”.
Qeyd edək ki, Mauro İkardi daha əvvəl “Sampdoriya”, “İnter”, PSJ və “Qalatasaray”da çıxış edib. Hücumçu hazırda azad agent statusundadır.







