Premyer Liqa nəhənginin hədəfindəki sürpriz hücumçu
“Mançester Yunayted” hücum xəttini gücləndirmək üçün gözlənilməz transfer variantını nəzərdən keçirir.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” “Lids”in hücumçusu Dominik Kalvert-Lyüinlə maraqlanır.
Mançester təmsilçisi qış transfer pəncərəsində 29 yaşlı futbolçunu heyətinə qatmaq imkanlarını araşdırır. Klubun transfer üzrə məsul şəxsləri mümkün keçidin reallaşdırılmasının nə dərəcədə mümkün olduğunu müəyyənləşdirməyə çalışırlar.
Bu marağın əsas səbəblərindən biri Benjamin Şeşkonun zədələnməsidir. Sloveniyalı hücumçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bununla belə, transferin baş tutması asan görünmür. “Lids” əsas futbolçularından birini birbaşa rəqibinə vermək istəmir və onunla müqaviləni yeniləməyi planlaşdırır.
Qeyd edək ki, Dominik Kalvert-Lyüin 2025-ci ilin yayında azad agent kimi “Lids”ə keçib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.







