"Ararat"la oyunlar üçün sifraiş olunmuşam, amma..." - MÜSAHİBƏ
Albaniyanın “Eqnatiya” klubunun yeni transferi Vüsal İsgəndərlinin Msport.az saytına müsahibəsi
– Sizi yeni komandanızda necə qarşıladılar?
– Burada həqiqədən yaxşı qarşılandım. Həm məşqçilər, həm də futbolçular mənə çox kömək edirlər.
– Adaptasiya prosesi necə gedir? Komandaya, şəhərə uyğunlaşa bilirsiniz?
– Cəmi 3-4 məşqə çıxmışam. Amma hər şey yaxşıdır. Daha tez uyğunlaşmaq üçün əlimdən gələni edirəm.
– Baş məşqçi yerli mətbuata açıqlamasında sizə inandığını bildirib…
– Özü ilə söhbətim oldu. Mənə çox inandığını bildirdi. Yeganə problem komanda ilə təlim-məşq toplanışına gec qoşulmağımdır. Ümid edirəm ki, gündə iki məşq etməklə lazımi formanı yığacağam.
– Klubun infrastrukturu necədi?
– Bura gəlməmişdən öncə də maraqlanmışdım. Klub haqqında çox yaxşı sözlər dedilər. Gəlib hər şeyi gözümlə də gördüm. Doğrudan da şərait yaxşıdır.
– Maraqlıdır, “Eqnatiya” sizi UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Ermənistan “Ararat”ı ilə keçiriləcək oyunlar üçün sifraiş edibmi?
– Bəli, adımı UEFA-ya göndəriblər, amma səfərdəki ilk matçda olub-olmayacağım hələ bəlli deyil.
– Ümumiyyətlə, “Ararat”la oyunlarda meydana çıxmağınız nə dərəcədə mümkün görünür?
– Bu matçların ən azı birində oynamaq üçün əlimdən gələni edəcəm. Özümü yaxşı tərəfdən göstərəcəm ki, baş məşqçi mənə şans versin.
CAHİD







