Ardıcıl 3 məğlubiyyət - No problem, Elmar müəllim?
“Qəbələ” ardıcıl 3-cü oyunda uduzdu. Çempionatdakı əsas rəqibləri ilə matçlarda komanda 1 xal da yığa bilmədi. Əvvəlcə, evdə “Sabah”a məğlubiyyət (0:2), daha sonra “Zirə” ilə səfərdə 1:0 öndə olduqları görüşü əldən verdilər – 1:2. İndi də “Neftçi” ilə qarşılaşmada hesabı açsalar da, üstünlüklərini qoruyub saxalaya bilmədilər.
Elmar Baxşıyev komandada hər şeyin qaydada olduğunu desə də, 3 əsas rəqibə məğlubiyyət vəziyyətin ciddiliyindən xəbər verir. “Qəbələ”nin baş məşqçisi komandasının yaxşı oynadığını deyir, düzgün yolda olduqlarını vurğulayır. Uzun illər Vaqif Sadıqov da millimizə rəhbərlik edəndə “oyun varsa, nəticə də olacaq” deyirdi, lakin illər keçdi heç bir nəticə ortaya çıxmadı.
Ötən mövsüm “Qəbələ” haqqında bir fikir formalaşmışdı ki, “onlar hesabı açdılarsa, qabaqlarında dayanmaq olmur. Qolların davamı gəlir”. Lakin cari çempionatda vəziyyət fərqlidir. Həm “Zirə”, həm də “Neftçi” ilə görüşlərdə “qırmızı-qaralar” ilk qolu vursalar da, hesabı qoruya bilmirlər. Özü də ötən mövsümə nisbətən “Qəbələ”nin heyətinin zəiflədiyini də demək olmaz. Əksinə, heyətin özəyini qouyan əyalət klubu Felipe Santos, Ramon Maçado, Ferras Abu Akal kimi legionerlər, Səlahət Ağayev kimi milli üzvü ilə müqavilə bağladı. Amma görünən odur ki, bu transferlər komandanı elə də gücləndirməyib. Gələndən yalnız “Kəpəz”lə oyunda 5 dəqiqə meydana çıxan Andrey Strijak niyə heyətə cəlb olunub, başa düşmək çətindir. Əgər ukraynalı futbolçunun oyun səviyyəsi “Qəbələ”yə uyğun deyildisə, onunla müqavilə bağlamağa nə ehtiyac var idi? Onsuz da “Qəbələ” rəsmiləri tez-tez maliyyə çətinliyindən, büdcənin az olmasından gileylənirlər. Hətta Akademiyanın bağlana biləcəyi haqda həyəcan təbili çalırlar. Əgər vəziyyət həqiqət belə pisdirsə, Strijakı gətirib ehtiyatda oturtmaq nəyə gərək?
Düdür, ötən çempionatda da bir ara “Qəbələ”nin oyununda bir eniş dövrü oldu, az qala avrokuboklardan kənarda qalacaqdılar. Ancaq toparlanıb son nəticəni əldə edə bildilər. Bilmirəm, cari çempionatda da belə olacaq, ya yox? Ancaq ardıcıl 3 məğlubiyyət “Qəbələ”ni silkələməlidir. Birinci növbədə isə “heç bir problem yoxdur” deyən Elmar Baxşıyevi.
AYXAN