“Arsenal” Niko Uilyams üçün 90 milyon ayırır
“Atletik”in hücumçusu Niko Uilyams İngiltərə nəhənginin maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, “Arsenal” 23 yaşlı vingerin transferi üçün 90 milyon avroluq təklif hazırlayır.
London klubunun məqsədi 2026/2027 mövsümü öncəsi hücum xəttini gücləndirməkdir.
Mikel Artetanın rəhbərlik etdiyi məşqçilər korpusu sol cinahda sürətli, driblinq qabiliyyəti yüksək və təkbətək mübarizələrdə fərq yarada bilən futbolçu transferini prioritet sayır. “Arsenal” Niko Uilyamsı Kay Haverts və Bukayo Saka ilə birlikdə güclü hücum üçlüyünün parçası kimi görür.
Bildirilir ki, “Emireyts”də bu transferə marağın yenidən artması klubun həm daxili arenada, həm də UEFA Çempionlar Liqasında daha böyük hədəflərə yönəldiyini göstərir. Niko Uilyams son illərdə Avropa futbolunun ən çox tələb olunan cinah oyunçularından birinə çevrilib.
Futbolçu “San Mames”də 30 iyun 2035-ci ilə qədər müqavilə imzalasa da, Britaniya mətbuatında yayılan məlumatlara görə, “Arsenal” onu Premyer Liqaya gətirmək üçün kifayət qədər maliyyə gücünə malikdir.
“Mançester Yunayted” və “Liverpul”un da oyunçunu izlədiyi qeyd olunur. Lakin hazırda “Arsenal”ın bu transferdə daha qətiyyətli tərəf olduğu bildirilir.
Niko Uilyamsın yekun qərarı isə prosesin əsas məqamı olacaq. İspaniyalı futbolçu daha əvvəl “Atletik Bilbao”ya bağlılığını dəfələrlə nümayiş etdirib və ötən yay xaricdən gələn sərfəli təklifləri rədd edib.







