featured-image-17451

“Ardıcıl 5 oyunda qələbə tarixi nəticə, yaxşı göstəricidir. Nəticədən əlavə, oyun baxımından irəliləyiş var”.

Bunu AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Msport.az saytına açıqlamasında Azərbaycan millisinin Moldova və Şimali Makedoniyaya qalib gəldikləri yoldaşlıq oyunları barədə danışarkən deyib.

O bildirib ki, futbolçular yaxşı formadadırlar, baxımlı oyun sərgiləyirlər: “Heç bir qələbə təsadüfi deyil. Arxada avtobus “saxlayıb” qələbə qazanmamışıq. Yaxşı futbolla qalib gəlmişik. İrəliləyiş var. Bunları martdakı seçmə mərhələ oyunlarında da tətbiq eləsək, daha yaxşı olacaq. Məncə, komanda düzgün yoldadır. Millimizin bu cür çıxışı hamımız üçün şərəflidir”.

21 yaşadək futbolçulardan ibarət yığmanın yoldaşlıq oyununda İsveçə 1:8 hesabı ilə uduzmasına da toxunan mütəxəssis bunları söyləyib: “Yeni yığılan kollektivdir. Bəlkə də zəif rəqiblərlə başlanğıc daha yaxşı olardı. Amma yığmanın məşqçilər heyəti belə qərara gəldi ki, güclülərlə başlasınlar. Həm Macarıstan, həm də İsveçin müvafiq yaş qrupu Avropanın ən öndə gedən komandalarındandır. Gələcəkdə səhvləri aradan qaldırmaq daha yaxşı olar. Belədə, seçmə mərhələdə oynamaq daha rahat olacaq. Artıq həm mövqe, həm də oyun baxımından komandadakı problemlərin hamısını gördülər. Buna görə bütün futbolçuları sınaqdan keçirdilər. Yüksək səviyyəli yığmalarla görüşlərdə bütün səhvlər üzə çıxır. Bu, onlar üçün yaxşı dərsdir. Səhvləri analiz edib, daha yaxşı hazırlaşa bilərlər. Zəif rəqiblərlə oynayıb udsaydılar, aldadıcı olacaqdı. Çatışmazlıqları minimuma endirib, gələcəkdə uğur qazanmaq olar”.

Diniyevin sözlərinə görə, gənclərlə bağlı limit götürüldükdən sonra 21 yaşlı futbolçuların bir çoxu Premyer Liqada oynamır: “Aşağı dəstədə çıxış edirlər. Bu da oyun praktikası baxımından bizim üçün problem yaradacaq”.

Veteran futbolçu ötən gün Qətərdə start götürən dünya çempionatı ilə bağlı proqnozunu da açıqlayıb: “Dünya çempionatı bir az səs-küysüz başladı. Sanki hər birimiz mundialın yayda keçirilməsinə adaptasiya olmuşduq. Amma burada bir çox nüanslar var. Məncə, bu, həm təşkilati, həm də oyun baxımından ən yaxşı dünya çempionatlarından biri olacaq. Məsələn, yayda keçirilən mundiallara futbolçular ağır mövsümdən sonra gəlirdilər. Yorğunluq, zədələr olurdu. Amma hazırda oyunçular əla formadadır. Bu isə gözəl və mübarizəli oyun vəd edir. İnanıram ki, belə də olacaq. Mənə elə gəlir ki, Avropa təmsilçilərinin çempionluğu çətin olacaq. Braziliya və Argentina amili var. Ekvadorun açılış matçında sərgilədiyi futbol Cənubi Amerika futbolunun hazırkı səviyyəsini ortaya qoydu. Odur ki, üstünlüyü onlara verirəm. Avropadan İspaniya, Fransa və Almaniyanı, Cənubi Amerikadan isə Braziliya və Argentinanı çempionluğa əsas namizəd hesab edirəm”.

Bənzər xəbərlər