featured-image-23798

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən bir oyun oldu. Azarkeşlər üçün maraqlı, bol qollu matç keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz sonuncu yerdəyik, onlar ön sıralarda. “Qəbələ”yə qarşı belə futbol oynamaq mənim üçün xoşdur. Komanda hər həftə daha yaxşı futbol oynamağa çalışır. Yeni transferlərimiz gözlədiyimizi verə bilirlər. Hər iki komanda qələbəyə layiq idi. Biz üç xala yaxın idik. Asan qollar buraxdıq. Bu, məni narahat edir. Komandanın olduğu yer bizi sıxır, futbolçular təzyiq altındadırlar. Nə qədər motivasiya versək də, oyunçular turnir cədvəlinə baxanda sıxılırlar. Uduzmaq qorxusu hələ ki, onların içindən çıxmayıb. Artıq itirəcəyimiz bir şey qalmayanda özünəinam qayıtdı. Əvvəl çəkinə-çəkinə oynayırdıq. Məşqçi olaraq mənim də üzərimdə təzyiq var.

Yeni transferimiz Matiya Lyuyiç bu gün qol vurdu. Onun potensialına bələdəm, çıxışını çox izləmişdim. Transferin son günlərində onu gətirməklə bağlı qərar verdim. “Uypeşt”də əsas heyətdə yerini itirmişdi. Bir az funksional hazırlığı yerində deyil. Matçın sonlarında gücünün qalmadığı görünürdü. Həqiqətən də keyfiyyətli futbolçudur. Bəlkə də Azərbaycanda ən yaxşı legionerlərdən biri ola bilər”.

Bənzər xəbərlər