featured-image-7414
UEFA Konfrans Liqasında mübarizə aparacaq “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Türkiyədəki toplanış haqda danışıb. Msport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis komandasının hazırlığı və seleksiya işlərini dəyərləndirib: 
“Hər şey düşündüyümüz kimi gedir. Yeganə narahat edən məqam seleksiya ilə bağlıdır ki, axtarışında olduğumuz futbolçuları istədiyimiz vaxtda transfer edə bilmədik. Bu da aydın məsələdi. Çünki futbolda ən çətini məhz transfer məsələləridir. Tələsik qərar verib səhv etmək istəmirik. Ona görə ki, bizi qarşıda təkcə Konfrans Liqası yox, həm də çempionatda uzun marafon gözləyir. Biz təkcə “Makkabi” yox, həm də çempionat haqda düşünürük.
Futbolçu tam ürəyimcə deyilsə, onu transfer etmək istəmirəm. Danışıq apardığımız futbolçular var. Ola bilsin ki, yaxın günlərdə onlardan hər hansı biri ilə transfer məsələsində razılığa gələk. Bəzən istədiyimiz futbolçular olur, baş tutmur. Əvvəlki kimi çempionatı və ya maddi durumu bəhanə gətirirlər. Fərqli səbəblərdən istədiyimiz futbolçuları gətirə bilməmişik. Danışıqlar indi də gedir. Ümid edirik ki, qarşıdakı günlərdə hər hansı irəliləyiş olar. Hücum xəttinə bir futbolçu qoşulacaq. Əvvəlcədən adını açıqlamaq istəmirəm. Xoşlayıram ki, hər şey dəqiqləşsin, daha sonra bunu bildirək”.
Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Makkabi” haqda da fikirlərini bildirib. O, həm də Tel-Əviv klubunun baş məşqçisi Vladimir İviçi yaxşı tanıdığını söyləyib:
“İndidən rəqibi təhlil edib, hazırlaşmaq psixoloji cəhətdən düzgün olmaz. Bakıda olanda, son iki həftədə daha çox rəqib və oyun planı haqda düşünəcəyik. “Makkabi”də baş məşqçi dəyişikliyi baş verib, yetərincə də transferləri var. Ona görə hazırda “Makkabi”nin hansı oyun fəlsəfəsində olduğunu, əsas heyətdə kimlərin olacağını bilmirik. Gözləyirik, iyulun 13-də oyunları var. Həmin görüşdə “Makkabi”nin əsas heyəti və oyun fəlsəfəsi açıq-aşkar görünəcək. Məşqçilərini tanıyıram, işinə bələdəm. PAOK-un baş məşqçisi olduğu vaxtda “Qarabağ”ın heyətində onlara qarşı oynamışıq. Yetərincə sistem dəyişikliyi edir. İngiltərə Premyer Liqasında fərqli fəlsəfə ilə oynadırdı “Uotford”u, İsraildə fərqli fəlsəfəyə üstünlük verdi, PAOK-da da fərqli idi. Ona görə rəqibin istər heyətinə, istərsə də, oyun planında edəcəyi rotasiyalara hazır olmalıyıq”. (CBC Sport)

Bənzər xəbərlər