featured-image-18033

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun Msport.az saytına müsahibəsi

Yəqin ki, Qətərdə keçirilən dünya çempionatını izləyirsiniz. Bu mundial əvvəlkilərdən nə ilə fərqlənir?

– Əlbəttə, izləyirəm. Əsas fərq qış aylarında keçirilməsidir. Futbolçuların ən yaxşı formada olduqlarını görürük. Yay aylarında çempionat bitəndən sonra futbolçularda yorğunluq olur. Bu zaman əvvəlki konsentrasiya və tempi yaxalamaq olmur. Bu mundial ilk turlardan templi başlayıb. Bu da futbolçuların yaxşı olmasından irəli gəlir. Ən zəif yığmalar belə mübarizə aparır, təslim olmaq istəmir. Hətta sürprizlər də olur. Azarkeşlər həzz alır. Təşkilatçılıq yüksək səviyyədədir. Hansısa ölkənin şikayət etdiyini eşitməmişəm. Bütün zamanların ən bahalı mundialıdır.

– Favoritiniz hansı yığmadır?

– Avropa təmsilçilərindən birinin çempion olmasını istərdim. Almaniya yaxşı təsir bağılşlamır. Qrupdan çətinliklə çıxıb, sonradan yaxşı formaya düşə bilərlər. Bunu Argentina millisinin timsalında da gördük. Amma favoritlərim Fransa və İspaniya yığmalarıdır.

– Bəs azarkeşlik etdiyiniz yığma hansıdır?

– İtaliya millisinə azarkeşlik edirəm. Təəsssüf ki, bu dünya çempionatında iştirak etmir. Portuqaliya da xoşuma gələn kollekitvlərdəndir. Nə qədər gücü çatacaq, maraqlıdır.

– Sizcə, turnirin sürpiz komandası kimdir?

– Yaponiya, Tunis, Səudiyyə Ərəbistanı və Meksika yığmalarını qeyd edərdim. Düzdür, bu yığmalar üçün dünya çempionatına çıxmaq da  böyük işdir. Ərəblər ilk matçda Argentinanı məğlub etdilər. Lakin davamını gətirə bilmədilər. Bəlkə də qələbəyə çox sevindilər. Meksika ilə matça daha yaxşı köklənsəydilər, hər şey fərqli olardı. Sürpriz komandalar çoxdur. Bu da onu göstərir ki, dünyada futbol inkişaf edir.

– “Turan Tovuz”un bura qədərki çıxışı barədə nə deyə bilərsiniz?

– Bilirsiniz ki, ilk ilimizdir. Xal ehtiyatımızı artırmağa çalışırıq. Hər oyun bizim üçün önəmlidir. Son matçlardakı itkilərimiz bizi narahat edir. Bununla belə, mübarizə aparırıq. Kubokda “Kəpəz”lə iki ağır oyunumuz var. Qış fasiləsinə qədər maksimum xal toplamağa çalışırıq.

– Artıq qış fasiləsi yaxınlaşır. Yəqin ki, yeni transferlər olacaq…

– Bilirsiniz ki, qışda yeni futbolçular gətirmək çətindir. İstədiyin oyunçuları tapmaq olmur. Bizə elə büdcə ayrılmışdı ki, bunu yayda transferlərə sərf etdik. Əlavə büdcə lazımdır. Hələlik bununla bağlı yenilik, dəstək yoxdur. Tam olaraq buna köklənməmişik. Fasilədə müzakirələr olacaq. Hazırda əsas diqqətimiz futbolçuların sağlam olmasıdır. Belədə ehtiyat heyətimiz də geniş olur.

– İmeda Aşortiya, Ben Aziz Dao və Piruzi Marakvelidzenin əvəzedici heyətə göndərilməsi nə ilə bağlıdır? Bəlkə nəyəsə görə cəzalandırmısınız…

– Xeyr, elə bir şey yoxdur. Piruzi ilk turda qırmızı vərəqə aldı, sonra isə ardıcıl 2 dəfə zədələndi. Məşqlərə yenicə qoşulub. Evdə oynayırdıq, fürsət düşdü, meydana buraxdıq. İmeda və Dao isə oyun praktikasından əziyyət çəkir. Ağrıları davam etdiyi üçün Premyer Liqa matçlarında meydana buraxmırıq.

Bənzər xəbərlər