featured-image-24792

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla yeni 3 illik müqavilə imzalaması barədə xəbər yaydı. Maraqlıdır ki, bu açıqlama komandanın “Neftçi”yə 0:4 hesablı məğlubiyyətindən bir neçə gün sonra verildi.

“Huner Group”un Tovuz klubunun əsas sponsoruna çevrilməsi azarkeşlərdə bir ümid yaradıb. Adətən Azərbycanda hər hansı sponsor gələn kimi birinci tələbi komandanın avrokuboklara vəsiqə qazanması ilə bağlı olur. İndi yadıma düşdü, o vaxt “Araz Naxçıvan” Premyer Liqada çıxış edərkən mövsümün ortasında Vasif Talıbov komandanın niyə  UEFA-ya getməməsi ilə bağlı müdaxilə edib. Yekun nəticə isə o oldu ki, “Araz Naxçıvan” çempionatın ortasında fəaliyyətini dayandırdı. Həmin vaxt elə bir dövran idi ki, heç kim cəsarət edib müəllimə UEFA-ya getməyin Batabata getməkdən fərqli olduğunu izah edə bilmirdi.

Bu gün tovuzluların bəxti gətirib ki, yeni sponsor Vasif Talıbov kimi düşünmür, hadisələrə o cür yanaşmır. O, çox yaxşı başa düşür ki, yeni yaranan klub qarşısında belə tələblər qoymaq olmaz.

Azərbaycan reallığı baxımından kimin üçünsə 3 illik müqavilə çox görünə bilər. Amma həqiqətən də ciddi iş görmək baxımından vaxta ehtiyac var.

Yeni sponsor da yaxşı başa düşür ki, 3 illik proqram üçün ən yaxşı variant elə məhz Ayxan müəllimdir. Abbasov həm Tovuzu tanıyır, həm komandanın potensialına bələddir, həm də sıfırdan iş görüb, nələrsə yarada bilib. İndiki reallıqda Tovuz klubu üçün ondan yaxşı variant ola bilməz.

“Turan Tovuz”un “Neftçi”yə qarşı son oyunu da göstərdi ki, azarkeşlər komandanı dəstəkləyir və sonadək baş məşqçinin arxasındadırlar. 0:4 hesablı məğlubiyyətə baxmayaraq, fanatlar oyun başa çatan kimi futbolçuları yanlarına çağırıb dəstək verdilər.

Bu gün “Turan Tovuz”un çox şeydə bəxti gətirib: ağıllı sponsor, düzgün idarəetmə, fantastik azarkeşlər, ən yaxşı yerli məşqçilərdən biri. Qalır başını aşağı salıb  işləmək və nəticə vermək.

ELNUR MƏMMƏDLİ 

 

 

 

 

Bənzər xəbərlər