featured-image-21267

“Komandanın yaxşı hazırlığı üçün normal toplanış keçmişik. Qış fasiləsindən sonrakı ilk turlardan bizi olduqca əhəmiyyətli oyunlar gözləyir”.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in qolkiperi Mario Mustapiç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, yenidən “Kəpəz”ə, Gəncəyə döndüyü üçün çox şad olduğunu söyləyib. Qapıçı kollektivin Antalyada keçirdiyi təlim-məşq toplanışından ağızdolusu danışıb. Qardaş ölkədə hazırlıq üçün normal şəraitin yaradıldığından bəhs edib:

“İstirahət etmək, qidalanmaq üçün hər cür imkana malik oteldə qaldıq, məşq etdiyimiz stadionlar da yaxşı idi. Baş məşqçinin təlimatları əsasında çalışdıq. Hazırlığımız da yüsək səviyyədə keçdi. Ümid edirəm ki, “Qəbələ” və “Səbail” ilə ilk çempionat görüşlərində bizə lazım olan xalları toplaya biləcəyik”.

Mustapiç əsas heyətdə yer almaq uğrunda rəqabətə hazır olduğunu vurğulayıb: “Orxan Sadıqlı əla qapıçıdır. Onun oyunlarda əsas heyətdə yer aldığını bilirəm. Mən də cəhd edəcəm ki, ilk “11-lik”də yer alım. Buna görə həm özüm, həm də komanda üçün əlimdən gələni etməyə çalışacam”.

Qolkiper komandanın qarşısına qoyulan hədəfdən də danışıb. Qeyd edib ki, məqsədə çata biləcəklər: “Məqsədimiz üçün mübarizə apara biləcək gücdə olan yaxşı komandamız var. Biz nəinki elitada qalmaq, hətta orta pillələrdə yer almaq üçün çalışacağıq. Komandada super atmosfer, yüksək əhval-ruhiyyə var. Zamanla daha yaxşı oynayıb xallar toplayacağıq. Azarkeşlər bizim güclü tərəfimizdir. Hələ ölkənizə ilk gəlişimdə onların dəstəyini görmüşdüm. İndi də fanatların bizə güclü dəstək verəcəyini gözləyirəm. Azarkeşlərlə birgə komandanı irəli aparacağıq.”

Bənzər xəbərlər